Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2026-cı ilin 12 may tarixində “Ana Vətən Aqro” MMC tərəfindən Gürcüstan Respublikasının “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan “Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq kliniki müayinədən keçirilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb:
“Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər müşahidə olunub. Belə ki, heyvanlarda ümumi vəziyyətin zəifləməsi, davamlı müvazinət pozuntuları və temperaturunun normadan yüksək olması (40,5 və 40°C) müəyyən edilib. Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu və ya digər xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab olunur.
Mövcud riskləri nəzərə alaraq, heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə yük partiyası geri qaytarılıb.
Xatırladaq ki, AQTA tərəfindən cari ilin 5 may tarixində də zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alınıb. Agentlik Gürcüstandan diri heyvan idxalı ilə məşğul olan şirkətlərə xəbərdarlıq edir ki, idxal zamanı mövcud prosedurları həyata keçirsinlər. Əks təqdirdə həmin şirkətlər barəsində qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülərək idxala məhdudiyyətlər tətbiq ediləcək”.