Heç bir halda bankınız sizin məxfi məlumatlarınızı e-poçt, telefon, SMS vasitəsilə tələb etmir, “kartınıza müdaxilə var” demir, soruşmur, sorğu aparmır.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev bildirib.
O vurğulayıb ki, kartın nömrəsi, istifadə müddəti və CVV, təhlükəsizlik kodları və ya PIN-lər, OTP (birdəfəlik parol) soruşulursa cinayət tələsidir.
“.Heç bir kart sahibi hər hansı məlumatı verməməlidir. Mayın 7-də 22 fakt— kiber oğurluqlar üzrə ən yüksək məbləğ 12082, ən kiçik məbləğ 8 manat olub. Bütün zənglər xaricdən olub, oğurluqlar əsasən “karta müdaxilə” adı ilə törədilib”, deyə o qeyd edib.
Mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 12082, 5000, 4010, 2800, 2800, 1980, 1182, 1041, 1014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Qeyd edək ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Bununla bağlı bu gün də Daxili İşlər Nazirliyinin Mətbuat xidməti vətəndaşlara müraciət edib və dələduzlara inanmamağa çağırıb:
“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – deyə məlumatda qeyd edilib.
JASMİN

