HƏFTƏBECƏR

Oxunma sayı: 1236

Müğənni sayılan Sevinc Ağaşirinova öz həyatından danışarkən belə deyib: “Həyatımda olanlardan yola saldıqlarım da olub, özü gedən də olub. Həyatda hər şey olur, artislik etməyin nə mənası var? Həyatımda olan kişi getməlidir ki, görüm növbətisi kimdir?”.
P.S. Əsl kişi qızıdır, mən ölüm. Halaldır sənə, Sevinc xanım. Şou-əhli xanımların 90 faizinin gizli keçirdiyi həyat tərzini sən kişi qızı kimi açıb ortaya qoydun. Düz eləyirsən. Onsuz da sənətdə pul yoxdur. Pul həyatında özü gedən və sənin yola saldığın kişilərdədir. Sənət, şou-əhli üçün o pullu kişiləri cəlb etmək vasitəsidir. Daha neçəsini cəlb etmək olar, onu bilmirəm. O baxır, şou-əhli xanımların əhvalına, zövqünə, bir də ac və ya tox olmasına. İndi Sevinc xanım, həyatında olan kişilərin sayını bilmirəm, bəlkə, heç sən özün də bilmirsən. Çünki şəklinə baxıram, çox abırlı-həyalı bir xanıma oxşayırsan. Ona görə də xırdaçılıq edib kişiləri saymayacaqsan ki? Elə mən də illərdir bunu deyirəm ki, şou-əhli xanım üçün kişinin biri qaydadır, ikisi cana faydadır, üç nəsdir, dörd bəsdir, çıxdın beşə, vur on beşə. Bir də ki, kişi nədir, say nədir?! Sənin kimi gözəl xanımın həyatında olan kişilərin də sayı yəqin 15-i çoxdan ötüb. Əşi, şou-əhli xanım üçün əsl həyat budur, dayna.
***

Müğənni Şəbnəm Tovuzlu 10 evi olması məsələsinə dair bir sayta danışaraq belə aydınlıq gətirib: “Bu gün heç bir kişi, kimliyindən asılı olmayaraq, deyə bilməz ki, mən Şəbnəmə bu evi alıb. Maşınlarımı (görəsən necə dənədir – E.), evlərimi (görəsən 10 dənə var? – E.) toylarda əziyyət çəkərək özüm almışam. Kişidirsə, kimsə gəlsin desin ki, mən almışam”.
P.S. Şəbnəm xanım, bu kişi “tema”sı bir az ağır söhbətdir  haaa… Bir vaxt deyirdin ki, sənin sponsorun Həcidir.  İndi nə olub, Həcini kişi saymırsan? Nə deyim vallah? Ola bilər hər Həci də kişi deyil, elə hər kişi də Həci ola bilməz. Deyirəm indi bu Həcinin də kişiliyi qalxa və deyə ki, ay Şəbnəm, sənə nə vermişəmsə, hamısını geri qaytar. Görüm ondan sonra Şəbnəm xanım 1 milyon manatlıq villa, o bahalı maşınları, evləri toydan əziyyət çəkərək qazandığı 5-10 min manata ala biləcəkmi? O 5-10 min manatın da hələ bahalı paltarlar, bərbəri, makiyajı, stilisti, vizajisti, masajisti, efirlərə pulla çıxmağı və s. var axı. Əşi, yəqin bu Həci hardasa nəsə deyib, Şəbnəm xanım da hirslənərək kişi temasını atıb ortalığa. Amma olan şeydir. Bir az keçər, yenə hər şey düşəcək qaydasına və Həci ilə barışacaqlar…
***

Aparıcı Mətanət Əlverdiyeva onun verilişində  özünü dartanlara xəbərdarlıq edərək belə deyib: “Ola bilər ki, siz bahalı geyinirsiniz, mən ucuz şey geyinirəm. Bunun heç bir mahiyyəti yoxdur. Siz min hoqqadan çıxırsınız, mən isə heç bir hoqqadan çıxmıram”.
P.S. Nə? Nə? Nə? Heç bir hoqqadan çıxmırsan? Belə yerdə deyiblər e “kor kora kor deməsə bağrı çatlayar”. Rəhmətliyin qızı, milyonların gözü qarşısında, efirdə alt paltarı görünməklə “şpaqat” açmaq hoqqa çıxarmaq deyilsə, bəs nədir? Sənin qonaqlarının min hoqqadan çıxmasını xalq görmür, ancaq eşidir. Çünki heç kim gedib şam tutmur. Amma sən efirdən, nənə ola-ola bu yaşında o boyda hoqqadan çıxırsan, özü də deyirsən ki, “mən heç bir hoqqadan çıxmıram”.  Elə bu sözün özü də növbəti bir hoqqa deyilmi?
***
ABŞ prezidenti Donald Tramp fəaliyyətə başlayar-başlamaz dünyanı bir-birinə vurub. Özü də ağıllı siyasətlə yox, “dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə. Bütün dünyaya biznesmen kimi baxan D.Tramp hələ də hansı qanunsuzluqlar etdiyinin fərqində deyil.
P.S. “Panama bizimdir, Qrelandiya bizimdir, Kanada ABŞ-ın ştatı olmaldır” – deyən Trampı bir dayandıran olacaqmı? Belə yerdə deyiblər e, “bir dəli bir quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi”.  İndi Trampın atdığı daşları bütün Avropa dövlətləri çıxara bilmir.
***
Qəzetlərin birində İrandan bəhs edən yazıya belə bir başlıq qoyulub: “Nüvə silahı haramdırsa, İran ona niyə can atır?!”
P.S. Ona görə ki, İranın molla rejiminin əsası belə qoyulub… 40 milyonluq Azərbaycan türklərinin öz ana dilində yazıb-oxumağına qadağa qoymaq haramçılıq deyilsə, bəs nədir?! Bu qədər haramçılığa aşiq olan İranın molla rejimi əlbəttə ki, haram olan nüvə silahına da can atacaq.
***
Xəbər verilir ki, bazara təzə kartof gəlib, amma kartofun qiyməti enmir ki, enmir. Əksinə, 1,5 manata olan kartofun qiyməti qalxaraq, 1,7; 2,2 manat olub.
P.S.  Nahaq yerə deməyiblər ki, “bir kərə qalxan qiymət bir daha enməz”. Millətin ac təbəqəsi gözünü ucuz kartofa tikib, bir təhər dolanırdı. İndi çox ucuz kartof söhbəti tamam unudulur. Kartof isə, xalqımızın milli siyasətinin tərkib hissəsi idi. İndi bəzi işbazlar bu siyasətə xor baxırlar. Kartofa xor baxanları görüm elə xar olsunlar.
***
Nehrə yağı adı ilə saxta yağ satanlar AQTA tərəfindən aşkarlanıb. Müəyyən edilib ki, sped bitki yağı sellofanda qablabşırılmış nehrə yağı kimi satılır.
P.S. Bizim Azərbaycanda əgər eşşəyi ağ-qara rəngdə rəngləyərək zebra adı ilə ərəbə satan varsa, niyə sped bitki yağını nehrə yağı adı altında da satmasınlar?
***
Qəzetlərin birinin başlığa çıxartdığı yazıdan məlum olur ki, səfərbərlik xidmətinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər.
P.S. Mənə elə gəlir ki, seçilən bu başlıqda bir az məzmunsuzluq var. Məsələn, xəbər belə verilməli idi: “Səfərbərlik xidmətinin vəzifəli şəxsləri cinayət törətmək üçün səfərbər olublar”. Cinayət törədənin cəzası isə cəzasızlıqdır. Bizdə cinayət törədənə cəza vermirlər ki, sadəcə uzun illər məhkəmədə süründürürlər, sonra da deyirlər, get yaşa. Həmin vəzifəyə qədər, cındırından cin hürkən vəzifəli şəxslər də özlərini tam günahsız bilib, üzərinə həbs qoyulan və dəyəri milyonlarla manat ölçülən bir və ya bir neçə obyekti, hektarlarla toropağı və korrupsiya yolu ilə yığdıqları sərvəti, milyonları, dədələrin malı kimi geri qaytarırlar.
***

Ötən həftə Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində qonaq olan müğənni Nüşabə Musayeva xəyanət edib-etmədiyi barədə verilən suala gülə-gülə belə cavab verib: “Çox sevdiyim insan olan ərimin xəyanəti ilə üzləşdim. Mən də cavab olaraq xəyanət etmişəm”.
P.S. Dağıl ey dünya. Bu, artıq sözün bitdiyi yerdir. Biri efirdən deyir “həyatımda olan kişi getməlidir ki, növbətisi gəlsin”, biri deyir “ərimə xəyanət etmişəm” biri dədeyir evli kişidən uşaq dünyaya gətirmişəm (müğənni Ülviyyə Namazova). Axı bu efirlər gənclərə, milyonlarla izləyicilərə nəyi aşılamaq istəyir? Pozğunluğu, fahişəliyi? Axı niyə bu abırsızlar hələ başqalarını da öz arşını ilə ölçürlər? Bu söhbətin şişdiyini görən Audioviziual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev, araşdırma aparıb və müəyyən edib ki, “Space TV” – də aprelin 9-da milyonlarla insanın gözləri ilə gördükləri bu biabırçılığı, sektor müdiri görməyib. Hətta deyir ki, belə fikirlər TV-də yayımlanmayıb. Görəsən, həmin efirdə bu Taleh bəyi söysələr yenə durub deyəcək ki, belə bir şey olmayıb? Ayıbdır, vallah ayıbdır.

ELÇİN
elcinmemmedli
[email protected]

Xəbəri paylaş