18 Noyabr 2025 / 23:03

Həftəbecər

Xalq artisti Aygün Kazımova bu günlərdə bir məclisdə “sağ-salamat” adlı mahnı oxuyan zaman, əynindəki qara paltar müzakirəyə səbəb olub. Belə ki, paltarın sol tərəfi, ətəkdən yuxarıya, hətta yuxarıdan da o yana açıq idi. Kürəyində isə, ümumiyyətlə, paltarın hər hansı bir hissəsi olmadığından, bütünlüklə açıq şəkildə, yəni yuxarıdan ombaya qədər tamaşaçıların ixtiyarına verilmişdi. Bəziləri bu geyimi bəyənib, kimisi də tənqid edərək “Belə xalq artisti olar?»- deyərək etirazını bildirib.
P.S. Ay rəhmətliyin nəvələri, Xalq artisti belə olar dayna… Səhnədə soyunmağın “xaç anası” məgər Aygün deyilmi? Əgər Allah xasiyyətini kəsmiş bu Aygün, belə soyunmasaydı, ona nazir Əbülfəz Qarayev Xalq artisti adı veilməzdi, ətövbə! Ayə kişinin qızı soyunmaqda peşəkardır, mən ölüm. Əşi, nə olsun 54 yaşlı bir qadındır? Bu yaşda olan qadının da öz azarkeşləri var dəəə… Elə odeeeyyy. Aygün xanım kimi. Hələ də bərk gedənlərdəndir… O başqa söhbətdir ki, 54 yaşlı qadın abırlı, həyalı olmalıdır, normal geyinməlidir… Amma təəssüf ki, Aygün xanım qadın yox, şou əhlidir. Şou əhli isə, istəsə səhnəyə əncir yarpağı ilə də çıxar.
***

Aktrisa sayılan Sonaxanım Əliyeva bir TV verilişdə bildirib ki, o da burnunu plastik əməliyyat etdirməyə hazırlaşır.
P.S. İşimiz var də, mən ölüm. Deməli, inkubator cücəsinin biri də artacaq. Mən də deyirəm, niyə bu şou əhli xanımların hamısı ağıldan-kamaldan bir-birinə oxşayır. Çünki onlar üzdən, gözdən, qaşdan, dodaqdan, sinədən və… hər yerindən, inkubator cücələri kimi bir-birinə oxşayırlar axı…
***
Məlum olduğu kimi, Rusiya hərbçiləri noyabrın 14-də Ukraynadakı səfirliyimizin həyətinə “İsgəndər” tipli raket atıblar. Raketin partlaması nəticəsində səfirliyin inzibati binasına, hasarına və bir neçə minik maşınına ciddi ziyan dəyib. Müharibə başlayandan bəri üçüncü dəfədir ki, səfirliyimiz atəşə tutulur.
P.S.Nə qədər ki, Pusiyada prezident Putindir, belə “səhv” raket düşməsi hələ çox olacaq. Qəhrəman Rəşad Atakişiyevin həlak olduğu qırıcı təyyarənin, ötən ilin dekabrın 25-də sərnişin təyyarəsinin, səfirliyimizin də 3-cü dəfədir vurulması da belə “səhv”lərin nəticəsində baş verib. Allah bu rusların böyüklərinə əzablı bir cəza versin ki, təkcə bizlərin yox, bütün dünyanın canı dincəlsin. İnanın ki, bundan sonra bütün dünya ölkələri bir-birinə “can” deyib “can” eşidəcəklər…
***
Xəbər verilir ki, sovet dövründə Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında 1-ci katib, indiki dillə desək, İcra başçısı işləmiş Xəlfə İbrahimovun nəvəsi Elxan Oktay oğlu İbrahimov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilərək Nəsimi RİH-ə başçı təyin edilb. Daha sonra Göyçay RİH-in başçısı Natiq Ağayev vəzifəsindən azad edilərək, Balakən RİH-ə başçı göndərilib.
P.S.Neynək, nətəhər məsləhətdir, qoy elə olsun. Amma maraqlıdır, görəsən, müasir dövrdə toplananların yerini dəyişəndə cəm dəyişirmi? Nə bilim vallah? İndiki dövrdə bəlkə toplananların yerini dəyişəndə cəm dəyişir? Süni intellekt hər yerə bir əl qoyur… Əşi, indiki dövrdə nə desən olar. Bu acgöz məmurlar ki, bizdə var, toplama üsulunu çox gözəl mənimsəyiblər. Onlar topladıqları var-dövlətin, sərvətin, mal-mülkün cəmini heç özləri də bilmirlər. Bu səbəbdən də, görünür, indiki dövrdə toplananların yerini dəyişəndə cəm də dəyişir. Ona görə də, Ustad şairimiz Məmməd Araz demiş, “Tamah var daşkəsən mişardan iti, Gödən var, bir qara yarğandan dərin”.
***

Müğənni Eyyub Yaqubov bacısı oğlu Nağının müğənni kimi fəaliyyətə başlaması münasibətilə təqdimat edərək, belə deyib: ”Bizim ailədə istedad irsidir. Nağı həm oxuyur, həm də musiqi bəstəlləyir. Bizim borcumuz istedadlılara kömək etməkdir. Həyasızlar onsuz da, özlərinə yol tapırlar. Mən inanıram ki, Nağı bu sənətdə öz sözünü deyəcək”.
P.S. Həəə… Deməli, şou biznes bazarına, dayısının hesabına, bir bacı oğlu da daxil olur. Özü də bu bazarda nə qədər desən saxta səslər, mallar, geni dəyişdirilmiş məhsullar, süni yığılmış sinələr, dodaqlar… satılır. Hələ həyasızlıq və abırsızlıq edərək, özlərini açıq bazara çıxaranları demirəm. İndi belə bir bazara Eyyub Yaqubovun bacısı oğlu da daxil olur. Görəsən, E.Yaqubovun təbirincə desək, o hansı həyasızlardır ki, şou biznes bazarını epoxaya döndəriblər? Təbii ki, müğənni ad çəkmir. Belələri birdir, ikidir məgər? Bir məqamı da qeyd etmık istərdim. Yəqin Eyyub bəy unudub ki, bu epoxaya dönmüş şou biznes bazarında istedad, səs, bacarıq yox, həyasızlıq, abırsızlıq, yaxşı soyunmağı bacarmaq və sponsor lazımdır. Vəssalam, şüttamam…Məmurlarımız 2-ni 2-yə vuranda 5 cavabını da alırlar, 15-də… Amma bəzən belə hesablamaların sonu DTX-dən keçir…

***
Noyabrın 15-dən ölkədə istilik sisteminin verillməsi həyata keçirilir. Yəni, noyabrın 15-dən soyuq olan evlərimiz artıq isinməyə başlayıb.
P.S. Bəs görəsən, bu istilik sistemi bəzi məmurların buz kimi olan ürəklərini də isidəcəkmi?
***
Məlumatlara görə, Kəbəyə həcc ziyarətinə gedən bir qadın sosial mediada maraqlı video paylaşıb ki, bu da tənqidlərə məruz qalıb. Deməli, bu qadın ziyarət zamanı digər xanımların 3 gənc oğlanın yaraşığına heyran qaldıqları belə bir söhbəti eşidib: ”Təvaf edərkən 3 gənc oğlan gördüm. Yəqin ki, basketbolçudurlar. O qədər yaraşıqlı idilər ki… Tövbə, ətağafurullah…”.
P.S.Hımmm… Maraqlı “tema”dır. Mollaların dediklərinə görə, o dünyada cənnətə düşən kişiləri 14-15 yaşlarında huri-mələk qızlar qarşılayır. Burada cənnətin nə və necə olduğunu o kişilərə əyani surətdə göstərirlər. Amma cənnəti haqq etmiş qadınları gənc, yaraşıqlı oğlanların qarşılaması barədə heç nə deyilmir ki, bu da ədalətsizlikdir. Ona görə də müqəddəs Kəbə ziyarətində 3 yaraşıqlı, gənc oğlanları görən kimi, bu qadınlar hayıl-mayıl olaraq, özlərini cənnətdə hiss ediblər. Bu səbəbdən də burada tənqid olunası heç nə yoxdur. Həmin qadınların kişilər kimi cənnətdə kef eləməsi onların tam dini və qanuni həm də konstitusion hüququdur.
***
DİN-dən verilən xəbərdə deyilir ki, noyabrın 14-dən 15-nə keçən gecə Mərdəkanda 90 TK 444 dövlət qeydiyyat nişanlı “Rənc Rover”in sürücüsü 1978-ci il təvəllüdlü Ramil Hüseynov adı piyadanı vurub. Həmin şəxs elə hadisə yerindəcə həyatını itirib.
P.S. Əgər maşın “Rənc Rover”dirsə, əlbəttə, adamı vurar da, hələ üstündən də keçər… Ağzında çox bahalı “Rənc Rover” deyirsən axı… ”Jiquli” və ya 1990-cı illərin «Mersedes»i-zadı olsaydı, sürücü indi dəmir barmaqlıqlar arxasından baxırdı… “Rənc Rover”in sürücüsü barədə isə, istintaq hərəkətləri davam etdirilir. Deməli, “Rənc Rover”in adı açıqlanmayan sürücüsü, heç nə olmamış kimi, azadlıqda yaşamaqda davam edir və yəqin ki, yeni qurban(lar) axtarışındadır. Axı bu, “Rənc Rover”dir və 444 olan bərk gedən, bahalı nömrə də gəzdirir…
***
Müğənni sayılan və efirdən “evli kişidən uşaq dünyaya gətirmişəm” deyən Ülviyyə Namazova “Rəngarəng” verilişində plastik əməliyyatlardan danışarkən belə deyib: “Burda gizlədiləsi bir şey yoxdur. Demək olar səsimdən başqa hər yerim əməliyyatla düzəlib. Bir səsimdir ki, onu da Allah verib”.
P.S.Həəə… Deməli, bu Ülviyyə xanımın səsindən başqa hər yeri əməliyyatla “zbor” yığılıb. Özünün dediyi kimi, səsi Allah verib, amma guya bədən əzalarını Allah yaratmayıb. Neynək, qoy olsun. Bədəndə əzaları olduğu üçün Ülviyyə xanım onları, Allahın yaratdığının ziddinə gedərək, əməliyyat etdirib. Amma səsi ona görə əməliyyat etdirməyib ki, o yoxdur. Olmayan səsi necə əməliyyat etmək olar axı?
Elçin MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!