Hər yağış yağanda onun girovuna çevrilən Bakı və bakılıların dərdinə nə zaman əlac tapılacaq?..

Oxunma sayı: 727
…Yenə bayırda yağış yağır. Yenə əksəriyyət qayğılanır: görəsən, uşağı məktəbə, bağçaya necə aparacam – yollar açıq olacaqmı, tıxac probleminə görə işə gecikib yenə də rəhbərlikdən tənbeh eşidəsi olmayacağam ki, evimin həyətinə yağış suları dolmayacaq ki, kanalizasiyalar dolub-daşıb küçələri keçilməz hala gətirməyəcək ki?! Və sair və ilaxır…
 Əslində isə yağışın yağması bizi bu qədər əndişələndirməməlidir. Təbiət öz işin görür  – bahar fəslinin olmazsa olmazı yağışdır! Göydən bərəkət yağır!
Amma biz yağışın yağmasaına belə sevinə bilmirik… Səbəbi məlumdur…
***
Bəli, ötən gün bir neçə saat ərzində həmin bu məlum səbəblərə görə sevə bilmədiyimiz yaz yağışına görə Bakının magistral yolları, küçələri, yeraltı keçidləri, bəzi körpülər, eləcə də bir çox sahələr tamamilə iflic olub desək, heç də yanılmarıq.
Dəhşətlisi isə odur ki, əksər ərazilərdə, hətta yağış suyunun axması üçün drenaj xətləri yox dərəcəsindədir.
Bir çox telekanalların xəbər proqramlarında səslənən fikirlərə görə, paytaxt Bakının bəzi ərazilərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Belə bir xoşagəlməz hal isə sözün həqiqi mənasında biabırçılıqdır. Daha nə deyək ki?! Görəsən, nə ad vermək olar bəzi məmurların məsuliyyətsizliyinə görə yağışdan sonra yaranan bu biabırçılığa, bu utancverici hallara?
Bir çox fərdi yaşayış evlərini, həmçinin vətəndaşların həyətyanı sahələrini yağış suyu basıb, sərnişin daşıyan avtobusların salonu yağan yağış nəticəsində yolun, küçənin suyu ilə dolub, əksər yollar çox keçilməz olaraq gölməçələrə dönüb.
Bəs belə günlərdə Bakının və Bakıətrafı kəndlərin sakinlərinin çarəsizcə boyun əydiyi bu biabırçı vəziyyətə görə  kim cavab verməlidir? İllərdir  vətəndaşların dözüdüyü bu problemləri kim çözməlidir?… Kimdir bunun cavabdehi, günahkarı?..
Uzun illərdir yüksək vəzifə kreslosunda əyləşən məmurlar, bəlkə hansınızsa bu sualı cavablandırasınız?
Çox-çox təəssüflər olsun ki, işinə səhlənkar yanaşan hansısa məmur vəzifəsindən azad edilmir, yaxud da cavabdeh olduğu işinə çox məsuliyyətsiz yanaşan hər hansı bir vəzifəli şəxsə, hətta töhmət də verilmir.
Paytaxt Bakıda intensiv yağan bir neçə saatlıq yağışın törətdiyi fəsadlar bir daha sübut edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətində çox böyük nöqsanlar var.
Şair-jurnalist kimi düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı hörmətli Eldar Əzizov paytaxt Bakıda, eləcə də Bakıətrafı qəsəbə və kəndlərdə baş vermiş bu biabırçı, utancverici, xoş olmayan hallarla bağlı nə fikirləşir bəs?
Sözün bitdiyi andı!

P. S. Bir sözlə, Bakı qışa, qara, yağışa heç vaxt hazır olmur. Səbəb nədir axı? Bilən varmı?
şair-publisist
XATİRƏ ƏZİZ Rəhimli
Xəbəri paylaş