Əsas məzmuna keç

Hicab və məktəb: Kəramət Böyükçöl yazır

Hicabla bağlı bir kəlmə də mən deyim. Biz məktəbə niyə gedirik?
Təhsil almağa, bilik qazanmağa, dünyanı, cəmiyyəti və özümüzü anlamağa. Bəs məktəbdə kimləri öyrənirik? Mirzə Fətəli Axundovu, Mirzə Ələkbər Sabiri, Mirzə Cəlili, Hüseyn Cavidi, Üzeyir Hacıbəylini və s. Bəs bu maarifçilərimiz, ziyalılarımız, ədiblərimiz, mütəfəkkirlərimiz nə ilə mübarizə aparırdılar? Cəhalətlə, mövhumatla, xurafatla…
İndi mənə maraqlıdır, başında hicab olan bir müəllim Axundovun dini fanatizmə qarşı mübarizəsini, Sabirin mövhumata yönəlmiş satiralarını, Mirzə Cəlilin cəhaləti ifşa edən əsərlərini şagirdlərə necə öyrədir?
Məktəbdə Axundovdan, Sabirdən, Mirzə Cəlildən dərs deyən bir müəllim onların düşüncələri ilə hicab arasında münasibəti bilmirmi? Axı bu maarifçilər Azərbaycan insanını qəflət yuxusundan oyanmağa, elmə, maarifə, düşünməyə çağırırdılar. Biz də bu gün onların düşüncələrini öyrənmək üçün məktəbə gedirik. Amma onların fikirlərini öyrənə-öyrənə mübarizə apardıqları düşüncə tərzini öz həyatımızda yaşadırıqsa, deməli, məktəbin mahiyyətini hələ anlamamışıq…
Kəramət Böyükçöl
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…