Gürcüstanda hüquq-mühafizə orqanları oktyabrın 4-də Tbilisidə baş vermiş iğtişaşın daha 8 iştirakçısını saxlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.
“Aparılan kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq çərçivəsində daha 8 nəfər saxlanılıb. 4 nəfər azadlıqdadır”, – o bildirib.
Daraxvelidze qeyd edib ki, prezident iqamətgahına hücum cəhdi zamanı onlar polis əməkdaşlarını təhqir edib, hüquq-mühafizə orqanlarına ağır əşyalar, o cümlədən daşlar atıblar. Saxlanılanların ümumi sayı 39-a çatıb.
Oktyabrın 4-də, bələdiyyə seçkiləri günü Tbilisidə müxalifətin mitinqi keçirilib. Həmin gün hökumətin devrilməsini elan edən təşkilatçılar “prezident sarayının açarlarını ələ keçirməyə” çağırıblar, bundan sonra bəzi etirazçılar yaxınlıqdakı iqamətgaha doğru gediblər. Nümayişçilər baryeri yıxsalar da, polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək geri itələyib. Polis aksiyanın təhrikçilərindən beşini hökumətin devrilməsinə çağırış və qrup zorakılığı təşkil etdiyinə görə həbs edib. Onları 9 ilə qədər həbs gözləyir.
E.ŞİRİNOV

