Bu gün səhər saatlarında çox üzücü xəbər aldım. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov dünyasını dəyişib. Xəbərdən çox sarsıldım. Ağır itkidir… Yadigarı hələ orta məktəb illərindən tanıyırdım. Məndən təxminən dörd sinif yuxarı oxuyurdu. Qarabəniz, gülərüz, mehriban, ünsiyyətcil bir oğlan idi. Novruzlu kənd orta məktəbində oxuyarkən onun incəsənətə xüsusi marağı var idi. Məktəbdə şagirdlərin iştirakı ilə təşkil olunan bütün ədəbi-bədii tədbirlərdə iştirak edərdi…

…Bakıya gəldikdən sonra Yadigarla ara-sıra məclislərdə görüşərdik. Çox diqqətcil idi. Qarabağ camaatının dəvəti ilə idarə etdiyi toy məclislərində məni görəndə mütləq masaya yaxınlaşıb hal-əhval tutardı… Aramızda olduqca səmimi bir münasibət vardı…
…2023-cü ildə Yadigarla telefon əlaqəsi saxlayıb onu “Təzadlar” qəzetinin 30 illiyi münasibətilə keçirilən tədbirə dəvət etdim. O, səhətində problemlər olduğunu bildirdi və gələ bilməyəcəyi üçün üzrxahlıq etdi… Eyni zamanda, “Təzadlar”ın yubileyi münasibətilə kollektivi təbrik etdi, fəaliyyətində müvəffəqiyyətlər arzuladı…
Burada bir məqamı da qeyd edim ki, 1998-ci ildə “Təzadlar” qəzetinə gələndə mənim ilk müsahibəm Yadigarla olub.
Həmin müsahibəni təqdim edirəm:
Yadigar Muradov: “Məni inandırsalar ki, ömrü boyu Qarabağsız yaşayacaqsan, həmin gün Allahdan özümə ölüm arzulayıram!”
Müsahibim Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovdur
Qısa tanıtma: – Yadigar Məmməd oğlu Muradov 1958-ci ildə Qarabağda anadan olub. İncəsənət Universitetini bitirib.
Bürcü – Oxatan.
Ailə tərkibi – həyat yoldaşı və üç oğlu: Yaşar, Üzeyir və Ülvi.
Sevdiyi şair – Akif Səməd.
Sevdiyi yazıçı – Seyran Səxavət.
Oxuduğu qəzet – “Press-fakt”, “Rezonans”, “Təzadlar”, “Ədalət”.
Sevdiyi aktyor – Cəfər Əhmədov, Qurban (GTT).
Baxdığı telekanal – ANS, NTV (Nərgizsiz – E.Ş.).
Hobbisi – 1001 xırdavatın təmirini, klassik mahnılar üzərində iş – musiqidə və sözlərdə buraxılan səhvləri özü üçün qeyd etmək.
Ən yaxın məsləhətçisi – Anası.
Ən böyük arzusu – Azərbaycanı Qarabağla şad və firavan görmək.

– Yadigar bəy, mümkünsə, bir qədər Şuşa Dövlət Musiqili Dram Teatrı haqqında danışardınız.
– Şuşa teatrı Nazirlər Kabinetinin qərarı ilə 1990-cı ilin iyun ayından fəaliyyətə başlayıb. İlk olaraq Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasına müraciət etmişik. Demək olar, bu tamaşa ilə şuşalıların qəlbinə yol tapdıq. Tamaşanın uğuru bizi Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” komediyası və Eldar Baxışın “Uzun Həsən” tarixi dramı üzərində işləməyə həvəsləndirdi.
Lakin Qarabağ üzərində gəzən “qara buludlar” sıxlaşdıqca bizim də fəaliyyətimiz çətinləşdi. Kollektivimiz daim iş yerində olsa da, artıq Şuşanın qara günləri başlamışdı. Günbəgün vəziyyətin pisləşməsi, düşmənin şəhərə hücumları bizi mühasirədən çıxmağa məcbur etdi. Və biz də – Şuşa teatrı da öz didərgin günlərini yaşamağa başladı. Bakı şəhərinə gəldik. Gənc Tamaşaçılar Teatrının rəhbəri Kamal Əzizov bizə öz binalarında yer verdi, hər cür şərait yaratdı. 1992-ci ilin avqust ayından Şuşa teatrı öz fəaliyyətini bərpa etdi.
– Bakıdakı Şuşasız fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
– …6 ildir ki, teatrımız Şuşadan ayrı yaşayır. Hər əzaba-əziyyətə dözərək yaşayırıq. Yaşayırıq – Şuşa adını yaşatmaq üçün, o müqəddəs torpağa qayıtmaq üçün… Olduğumuz bu otaq kollektivimizin iş kabinetidir. Tamaşaların səhnəyə qədər bütün işlərini burada görürük. Məşqlər üçün də şəraitimiz var. Gənc Tamaşaçılar Teatrının səhnəsində ilk dəfə 1993-cü il fevralın 13-də Üzeyir Hacıbəyovun “Arşın mal alan” komediyasını oynamışıq. Bakı tamaşaçılarına ikinci töhfəmiz Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” əsəri olub. Rəhmətlik Həsən Əblucun rəhbərliyi ilə Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını hazırlamışıq. Daha sonra Vasif Adıgözəlov və Əliağa Kürçaylının “Nənəmin şahlıq quşu”, Səid Rüstəmov Süleyman Rüstəmin “Durna” komediyalarını (quruluşçu rejissor – Faiq Sücəddinov), Sultanməcid Qənizadənin “Ayının min bir oyunu” üç hissəli məzhəkəsini (quruluşçu rejissor – Yadigar Muradov – E.Ş.), fransız dramaturqu A.Salakrunun “Marqaritka” psixoloji dramını səhnələşdirmişik.
– Eşitdiyimə görə, teatr yeni bir əsərin premyerasına hazırlaşır…
– Aktyorlarımız bu yaxınlarda öz tamaşaçılarını Dağıstan yazıçısı Bilal Appayevin “Gözəlləri necə qaçırırlar” komediyası ilə sevindirəcək. Əsərə quruluşu gənc rejissor Kəmalə Məcidova verib. Hazırda tamaşanın son məşqləri gedir.
– Vəziyyət elə gətirib ki, ayrı düşmüş qohum-qardaş bir-birini arayıb-axtarıb tapa bilmir. Siz necə, şuşalı tamaşaçılarınızla görüşə bilirsinizmi, ya onlar sizi axtarıb tapır?
– Biz onları axtarırıq, görüşünə gedirik. 6 illik didərgin günlərində kollektivimiz tamaşa və konsert proqramları ilə şuşalıların daha çox məskunlaşdığı yerldə, məktəblərdə, qospitallarda, cəbhə bölgələrində çıxışlar etmişik. May ayında da cəbhə bölgələrinə getməyi planlaşdırmışıq.
– Teatrın hansı problemləri var?
– Başqa teatrlarda olduğu kimi, biz də tamaşaçı qıtlığı ilə üzləşirik. İşçilərin əmək haqlarının istehlak büdcəsindən 2-3 dəfə aşağı olması bəzən onların sənətdən uzaqlaşmasına səbəb olur. Müavinim Azad Məmmədovla çalışırıq ki, bütün çətinlikləri dəf edək.
– Azərbaycanın ərazisinin 20 faizdən çox hissəsinin erməni əsarətində inlədiyi bir vaxtda məmləkətdə qol açıb yallı getməyə, xoşbəxtlik sərqiləri söyləməyə, məddahlığa, “anektod” danışmağa necə baxırsınız?
– Torpaqlarımızın işğalı ilə bərabər, namusumuzu, qeyrətimizi də əldən vermişik. Nə qədər qız-gəlinlərimiz düşmən əsiridir… Vətənin saya gəlməyən ağrılarına yan çevirib yumşaq kreslolarda yayxanab milləti hər cür alçaqlığa zorlayan, əl qaldırıb yallı getməyə məcbur edən mənsəb sahiblərinə, məddahlara yazığım gəlir. Nə yazıqlar ki, cəmiyyətimizdə belə “xəstələr” onlarladır, yüzlərlədir. Onları bu yoldan çəkindirmək üçün kəsərli söz də təsir etmir.
– Şuşanın son günü xatirinizdə necə qalıb?
– Mayın 8-i idi. Şuşa ermənilər tərəfindən hər cür ağır silahlardan atəşə tutulurdu. Ölənlərin, yaralananların sayı get-gedə çoxalırdı. Bir kişinin top mərmisindən tikə-tikə olan cəsədi hələ də gözümün qabağından getmir. Şəhərdən çıxmaq məcburiyyətində qaldıq. Şuşa-Laçın yoluna çıxdıq. Saat 3 olardı. Ermənilər yolun Şuşadan Zarıslıyadək olan hissəsini atəşə tuturdular. Maşını bir qayanın arxasında saxlayıb düşdük. Bizi hər dəqiqə ölüm gözləyirdi. Girdik meşəyə. Meşədə bir hadisənin şahidi oldum. Hər tərəfin od tutub yanmasına baxmayaraq, ağaclarda bülbüllər cəh-cəh vurub oxuyurdu. Kərim Kərimli də yanımda idi. Dedim, bu nə olan işdi, quşların bu dəhşətlərdən xəbəri yoxdurmu?
– Yadigar bəy, Qarabağsız yaşamaqdan qorxmursunuz ki?
– Bu gün məni inandırsalar ki, ömrü boy Qarabağsız yaşayacaqsan, həmin gün Allahdan özümə ölüm arzulayıram.
– Səmimi söhbətə görə təşəkkür edirəm.
Söhbətləşdi:
Elbar ŞİRİNOV
“TƏZADLAR” 12-19.05.1998.

