Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…İndi hər bir rayonda yas yerlərində isti yemək (ehsan) verməyin qadağan olunmasından danışılır, təşəbbüslər irəli sürülür… Bunlar çox yaxşıdır! 90-cı illərdə Tamerlan Qarayev mənə dedi ki, “Qarabağ evi” yaradırıq, üzv ol, bunu təbliğ etmək lazımdır. Dedim, bu evin məqsədi nədir? Dedi, köçkünlərin yas mərasimlərinə kömək etmək, dünyasını dəyişənlərin dəfninə kömək etmək, bir sözlə, ölülərimizi urvatlı etmək! Dedim, bəy, məncə, indi ölüləri deyil, diriləri ağlamaq vaxtıdır!
Sözümün canı var: yası birtəhər yola vermək olur, çünki bir çox bölgələrdə yas mərasimlərində qədimdən dəftər qoyub pul yazdırmaq ənənəsi də var! Amma gəlin, indi ölülərdən keçək, dirilərə! Toylardakı bu yemək biabırçılığının, israfçılığın qarşısı alınmalıdır!
Ölkənin sözü eşidilən ziyalıları, qabağa durun, şadlıq evlərinə qarşı kampaniya başladın ki, “Ginnesin rekordlar kitabı”na düşəcək bu menyu hoqqabazlığına son qoyulsun! 100-200-300 manatlıq menyu olar? Adam toyda 100-200-300 manatlıq yemək yeyə bilərmi axşam saat 7-8-9-10-dan sonra??? Bu qiymət bahalığına görə nə qədər valideyn tanıyıram ki, toydan sonra illərlə qohum-tanışa, banka borc ödəməli olur! Niyə dövlətimiz sosial evlər tikə bilir, sosial toy adı ilə ucuz şadlıq evləri təşkil edə bilmir? Nə qədər gənc bu bahalığa görə nişanlı qalmaqdadır! Əmək və Sosial Müdafiə Nazirliyi niyə həm də bu istiqamətdə ağıllı, düşüncəli layihə həyata keçirmir? Gənclərin (oğlanlı-qızlı) böyük bir hissəsinin vaxtilə ailə qurma yaşı 22-26 olardısa, bu limit indi 35-40-a çatıb! Bəziləri isə məhz toy xərci bahalığına görə ailə qurmaqdan imtina etməli olur. Gələcəyimizi düşünmə vaxtı çatmayıbmı? Hansısa müftəxor saray rəhbəri özü üçün adamsoyma “zavodu” açıb pul qazanacaq deyə, bu qədər israfçılıq niyə qarşısıalınmaz bəlaya çevrilməkdədir?
Asif MƏRZİLİ
