…Bunu tanınmış filosoflardan biri deyib. Mən isə deyirəm ki, ədalətli adamın içində səcdə etdiyimiz din və insaf yuva qurmuş olar!
Bu gün Veysəloğlu Şirkətlər Qrupu, Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İB-i qalib jurnalistləri mükafatlandırdı… Təbii ki, heç kim öz ayranına “turşdur” demir. Amma hər kəs həm də bilir ki, ən azından həyatda bir ədalət prinsipi var və məhz özü-özünü aldada bilməz, nəyə qadirliyi ilk növbədə özünə bəllidir. Kəsəsi, bu gün narazılara da rast gəldim, qarğış edənə də, küsüb gedənə də. Mən təhsilimə və əmək fəaliyyətimin ən azı bir hissəsinə görə iqtisadçıyam, vəzifələrdə də çalışmışam, praktikama və ikinci təhsilimə görə isə jurnalistəm. Sonralar “Azərbaycan”, “Ədalət” və “Təzadlar” qəzetində çalışarkən yazdığım araşdırma yazıları zamanında Ulu Öndər Heydər Əliyevin də diqqətini çəkmişdi, belə araşdırmalara görə məhkəmələrə də düşmüşəm, həbs də edilmişəm. Və uzun illər keçmiş KİVDF zamanında mənim yazılarıma yer vermirdilər, çünki “əskimiz tüstülü” idi, arxasız idik, dəstək verənimiz yox idi. Amma haqqımızı həmişə müdafiə etmişik. Lakin hər dəfə də qalibləri təbrik etmişəm, sevinmişəm. Bilirsiz nəyə? Jurnalistikamızda yeni imzalar gördüyümə! Və mən indiyədək MEDİA Agentliyinin, Mətbuat Şurasının… müsabiqələrində ardıcıl olaraq 1- ci yerə layiq görülmüşəm. Şəxsimə, imzama görə yox, praktik- araşdırma yazıma görə. Ötən il Qazaxıstanın, ardınca Qırğızıstanın rəsmi dövlət qəzetlərinin “DQR” məzmunlu yazılarını saytlarından sildirmişəm, redaksiyamıza rəsmi təkzib və üzrxahlıq məktubu göndərilib, saytımızda vardır, kim istəsə oxuya bilər… Bu fəaliyyətimizə dair yazılarımızla əməkdaşımız Yasəmən Məmmədli MEDİA- nın yazı müsabiqəsinin qalibi oldu! Sözümün sonu: ilk dəfədir ki, belə ədalətli, insaflı müsabiqə görürdüm. Təşkilatçılar -Veysəloğlu Şirkətlər Qrupu, Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İB nəinki qalib jurnalistləri mükafatlandırdı, hətta əziyyət çəkib yazı göndərmiş bütün yazarları unutmadı, hər birinə pul və “Təşəkkürnamə”li təbrikini çatdırdı. Təşkilatçılara, ekspertlərə təşəkkürümü bildirirəm. O ki qaldı mənim 1- ci yerə layiq görülmüş yazıma, linkini təqdim edirəm, hər kəs oxuyub oxucu qiymətini versin. Onu da deyim ki, ekspertlər yazıları emal edəndə imzanın kimə məxsusluğunu görüb-bilməyib. Və şəxsən mən kabinetdə və ya evdə oturub yazmadım, Ağdamda, Ağcabədidə, Şamaxıda və İsmayıllıda yazımın qəhrəmanı olan sahibkar- fermer Teyyub Abdullayevlə tarlasında görüşmüşəm…
Bu qədər!
Asif MƏRZİLİ