İlk gördüyüm, ayağımı suya salladığım, ardınca da üzdüyüm ilk okean Hind okeanıydı. Duzlu suyu gənizimə qaçanda qəribə bir dad hiss etmişdim – çay yarpağının qoxusu idi. Əgər bu okean belə sevəcən, belə qonaqpərvərdirsə, onda gör, Sakit okean necədir – adı kimi sakit, özü kimi passiv…
Ancaq Atlantiki hələ görməmişdim.
Bu gün ilk dəfə Atlantik okeanını gördük.
Tarixi Porto tarmvayına – 1 nömrəli nostaljik, taxta trama minib şəhərin qərb sahilinə gəldik 25 dəqiqəyə…
Portuqaliyanın qərb sahilində dayanmışam.
Arxamda gələn səs okeanın səsidir, Atlantik danışır.
Gah pıçıltı ilə, gah da gurultuyla.
Dalğalar nəhəng bir orkestrə nəfəs verir,
amma bu musiqidə dirijor yoxdur, təbiətin ürək döyüntüsü var yalnız.
Okean və dəniz… adları yaxın, ruhları uzaq.
İnsan dəniz kimidir, sahil axtarar.
Okeansa Tanrı kimidir, sərhəd tanımır.
Dəniz gözlərinə baxanları sakitləşdirir.
Okean isə insanı öz dərinliyinə çağırır…
Mənim həyatım da bu ikisinin arasında keçib.
Bir vaxtlar dənizli illərim vardı, sakit, rəvan, qəfil hadisələrsiz.
Sonra okean gəldi, fırtınalı, ayrılıqlarla və qayıtmaq istəmədiyim sahillərlə dolu.
O illərdə hər dalğa bir sınaq idi.
Və mən heç batmaqdan qorxmadım, çünki qorxu insanı dirildir.
Dənizin fırtınası insanı titrədir.
Okeanın fırtınası səni dəyişdirir.
Dəniz sənə dincəlməyi öyrədir.
Okean dirənməyi…
İbrahim Nəbioğlu
P.S. Naşirim dönə-dönə tapşırsa da dözmədim, Atlantik okeanının sahilindəki kiçik bir kafedə yazdım bu sətirləri…