Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2026 / 19:23

İqtisadi Zonalar Agentliyi ilə SDU əməkdaşlıq edəcək

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və Sumqayıt Dövlət Universiteti (SDU) arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.

Tezadlar.az xəbər verir ki, məlumata görə, memorandum çərçivəsində birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, tələbələrin istehsalat təcrübələrinin təşkili, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, startap təşəbbüslərinin dəstəklənməsi və texnologiya transferi nəzərdə tutulur.

Bu məsələ Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Universitetin rektoru Nurəli Yusifbəyli arasında keçirilmiş görüşdə müzakirə olunub. Tərəflər elmi-tədqiqatların sənayenin tələblərinə uyğun istiqamətləndirilməsi və insan kapitalının inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

S.Adıgözəlov Agentliyin fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yerli və xarici investorlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. İdarə Heyətinin sədri həmçinin, ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat-innovasiya layihələrinin həyata keçirilməsi, yüksək ixtisaslı kadr hazırlığı, tələbələrin istehsalat təcrübələrinin təşkil edilməsinin və birgə elmi-innovasiya layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

N.Yusifbəyli bildirib ki, universitetin əsas prioritetlərindən biri elm, təhsil və sənaye arasında dayanıqlı əməkdaşlığın formalaşdırılmasıdır. O qeyd edib ki, Sumqayıtın sənaye potensialının ali təhsil və elmi fəaliyyətlə inteqrasiyası, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də birgə elmi-tədqiqat, innovasiya və startap layihələrinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüş çərçivəsində Universitetin nümayəndələri Agentliyin nəzdindəki Peşə Təhsil Mərkəzinin fəaliyyəti və müəssisələrdə tətbiq olunan müasir istehsal texnologiyaları ilə tanış olublar. Tərəflər sənaye müəssisələrinin kadr hazırlığı və elmi-tədqiqat sahəsində ehtiyacları, eləcə də universitet–sənaye əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!