Sağçı müxalifətin çoxluq təşkil etdiyi İspaniya Senatı Fransa Prezidenti Emmanuel Makronun Madridə rəsmi səfəri zamanı İspaniya ilə Fransa arasında dostluq müqaviləsinin təsdiqlənməsini rədd edib.
Tezadlar.az xəbər verir ki, sağçı Xalq Partiyasından və ifrat sağçı Vox partiyasından 142 senator mətnin əleyhinə səs verib. Baş nazir Pedro Sançezin Sosialist Partiyasından 106 senator lehinə səs verib.
Səsvermə şam yeməyi zamanı keçirildi
Səsvermə Senatdan bir neçə yüz metr aralıda, Makron, Kral VI Felipe və Kraliça Letiziyanın qatıldığı rəsmi şam yeməyinin başladığı bir vaxtda Kral Sarayında keçirilib.
Fransa ilə İspaniya arasında dostluq müqaviləsi ilk dəfə 2023-cü ilin yanvar ayında Barselonada Makron və Sançez tərəfindən imzalanmışdır.
Müqavilə sonradan Madriddəki Nümayəndələr Konqresi və Parisdəki Fransa Milli Assambleyası və Senatı tərəfindən təsdiqlənib.
Xalq Partiyası Müqavilənin bir maddəsinə qarşı çıxdı
Senatda mütləq çoxluğa sahib olan İspaniya Xalq Partiyası müqavilənin bir maddəsinə qarşı çıxıb.
Sözügedən maddədə iki ölkədən birinin hökumət üzvünün digərinin kabinetinə ən azı üç ayda bir dəfə dəvət olunması nəzərdə tutulur.
Lakin Makronun Madridə gəlişindən bir neçə gün əvvəl, 23 sentyabrda İspaniya məhkəmə sistemi Fransa-İspaniya dostluq müqaviləsinin konstitusiyaya uyğun olduğuna qərar verib.
Fransa İspaniyadan əlavə, Avropada Almaniya, İtaliya və Polşa ilə də oxşar dostluq müqavilələri imzalayıb.
Digər tərəfdən, İspaniya yalnız digər qonşuları Portuqaliya və Mərakeşlə oxşar müqavilələr imzalayıb.
ELBAR







