16 Fevral 2026 / 10:56

Jurnalist İlhamiyyə Rza fəaliyyətini Zəngəzurda davam etdirəcək…

Jurnalist, televiziya aparıcısı, prodüser, rejissor İlhamiyyə Rza “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd etdiyimiz kimi, bir neçə gün öncə aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb. Aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb. “Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm” deyə, o, paylaşımında yazıb.
İ.Rza layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib.
Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub.
Gəlin İlhamiyyə xanımla daha yaxından tanış olaq.
Qısa arayış: İlhamiyyə Faiq qızı Rzayeva (İlhamiyyə Rza) 26 mart 1967-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1984-cü ildə həmin məktəbi bitirib.
Həmin ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən “Молодежь Азербайджана” qəzeti ilə ştatdankənar müxbir olaraq əməkdaşlıq edib.
1989-cu ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında işə qəbul edilir. Xəbərlər redaksiyasında müxbir kimi çalışıb.
Xatırladaq ki, İlhamiyyə Rza ABA TV, Lider TV, (“Miliyonçu”), Space TV (“Gecə kanalı” verilişi) telekanallarında çalışıb.
ANS TV və AzTV-də “Nəzər nöqtəsi” verilişinin aparıcısı olub.
“Gündəlik Azərbaycan”, “525”, “Azadlıq”, “Bizim Yol”, “Zerkalo” qəzetlərində məqalələri dərc olunub. 100-dən artıq məqalə müəllifidir. Azərbaycan Media Mərkəzi İdarə Heyətinin sədridir.
Həsən bəy Zərdabi adına Jurnalistika Milli Mükafatına layiq görülmüşdür. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür.
O, “SOS” uşaq kəndləri Azərbaycan Assosiasiyasında fandreyzinq və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışmışdır.
“Gecə kanalı” adlı bir kitabın müəllifidir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!