Azərbaycanlı jurnalistlər Daşkənddəki İslam Sivilizasiyası Mərkəzində Mərkəzi Asiyanın çoxəsrlik tarixini, mədəniyyətini və elmi irsini əks etdirən artefaktlarla tanış olublar.
Tezadlar.az xəbər verir ki, ekskursiya zamanı onlara Mərkəzi Asiyanın qədim sivilizasiyaları, zərdüştlük, Xarəzm və Soqdiana, eləcə də Böyük İpək Yolunun tarixi barədə məlumat verilib.
Sahəsi erkən orta əsrlərin əksər şəhərlərinin ölçülərindən əhəmiyyətli dərəcədə böyük olan qədim Səmərqəndlə bağlı eksponatlara xüsusi diqqət yetirilib.
Erkən orta əsrlərdə orta statistik bir şəhərin sahəsi 20 hektarı aşmırdı, qədim Səmərqəndin ərazisi isə artıq o dövrdə 200 hektara çatırdı.
Jurnalistlərə həmçinin Soqdiana tekstil sənətinin 25 orijinal nümunəsi – dörd ipək xalat və 21 parça fraqmenti təqdim olunub. Soqdiana sənətinin xarakterik motivləri üz-üzə dayanmış iki aslan və ya tovuz quşu təsvirləri idi. Bu cür kompozisiyalar xeyir və şərin qarşıdurması haqqında təsəvvürləri əks etdirirdi.
Ekspozisiyanın ayrıca bir hissəsi Böyük İpək Yoluna həsr olunub. İnteraktiv texnologiyalar sayəsində ziyarətçilər onun Çindən Aralıq dənizinə qədər olan marşrutunu izləyə, hansı şəhərlərdən keçdiyini və bu yolla hansı malların daşındığını öyrənə bilərlər. Təqdim olunan tarixi ticarət mərkəzləri arasında Təbriz və Bakının da adı çəkilir.
Azərbaycanlı jurnalistlər həmçinin Baktriya qızılının orijinal nümunələri, qədim yazılı abidələr, arxeoloji tapıntılar və bir çoxunun yaşı bir neçə min ilə çatan digər artefaktlarla da tanış olublar.







