Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hantavirus hallarının aşkarlandığı Hollandiya bayrağı altında üzən “MV Hondius” kruiz gəmisinin Kanar adalarındakı Tenerife limanında lövbər salmasına icazə verən İspaniya hökuməti sərnişinləri hərbi qüvvələrlə və ərazini karantin altına alaraq təxliyə edəcək.
Tezadlar.az xəbər verir ki, İspaniya hökuməti sabah yerli vaxtla saat 04:00 ilə 06:00 arasında Tenerifedəki Granadilla de Abona limanına çatması gözlənilən “MV Hondius” gəmisindəki 23 millətdən təxminən 150 sərnişinin təxliyəsi üçün bütün hazırlıqları başa çatdırıb.
Daxili işlər naziri Fernando Qrande Marlaska, səhiyyə naziri Monika Qarsiya və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sərnişinlərin təxliyəsini yaxından əlaqələndirmək üçün Tenerife adasına gəliblər.
Daxili İşlər və Səhiyyə Nazirliklərinin mətbuata açıqladığı məlumata görə, virusun Tenerifedəki mülki əhali üçün heç bir təhlükə yaratmadığından əmin olmaq üçün gəmi liman girişində lövbər salacaq. Sərnişinlər gəmidən limana ölkələrinə uyğun olaraq təşkil edilmiş qayıqlarla, oradan isə avtobuslarla Tenerife hava limanına aparılacaq.
Bildirilib ki, bütün sərnişinlər və heyət üzvləri təxliyədən əvvəl gəmidə sağlamlıq yoxlamasından keçiriləcək və bu yoxlama Hərbi Təcili Yardım (UCM) bölməsinin əsgərlərinin nəzarəti altında həyata keçiriləcək.
Hökumət sərnişinlərin limandan hava limanına transferin mümkün qədər sürətli və təhlükəsiz olmasını təmin etmək üçün təyyarələri hazır olana qədər gəmini tərk etməyəcəkləri, hər transferin təxminən 10 dəqiqə çəkəcəyi və heç bir ölkə sərnişinlərini geri qaytarmaq üçün təyyarə göndərməsə, Avropa Birliyinə məxsus iki xilasetmə təyyarəsinin onların transferini həyata keçirəcəyi barədə məlumat paylaşıb.
Liman ərazisi tamamilə karantinə alınacaq
Qeyd edilib ki, gəmidən düşən ilk sərnişinlər Madriddəki Gomez Ulla hərbi xəstəxanasına göndəriləcək və karantinə alınacaq 14 ispan sərnişin olacaq, bütün sərnişinlər öz ölkələrinə geri göndəriləcək, transferdə iştirak edən bütün personal FFP2 tipli üz maskaları taxacaq və sərnişin baqajı çantalara yerləşdiriləcək.
Həmçinin bildirilib ki, gəmiyə bir dəniz mili radiuslu yaxınlaşma qadağası tətbiq edilib və liman ərazisi tamamilə karantinə alınacaq.
Daxili işlər naziri Marlaska bildirib ki, “Hondius gəmisinin sərnişinləri və heyəti yalnız təxliyə əməliyyatında çalışan mütəxəssislərlə əlaqə saxlaya biləcəklər. Mülki əhali ilə heç bir əlaqə olmayacaq”. ÜST-ün baş direktoru Qebreyesus da Tenerife xalqının narahatlığını aradan qaldırmağa çalışaraq “Bu, başqa bir virus deyil” deyib.
23 ölkədən 147 sərnişin və heyət üzvü olan gəmidə indiyə qədər hantavirusdan 3 ölüm hadisəsi qeydə alınıb və hazırda 6 təsdiqlənmiş yoluxma halı var.
E.ŞİRİNOV