…Ötən ilin bu dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulları ən azı 2-3 dəfə bahalaşıb. Səbəb nədir? Kənd təsərrüfatı üzrə tandınmış ekspert Vahid Məhərrəmli bu suala belə cavab verir. Tezadlar.az təqdim edir: “…İndiki Kənd Təsərrüfatı naziri vəzifəyə təyinat aldığı vaxtdan 3 ildən çox vaxt keçib. O, vəzifəyə gələndən sonra strateji əhəmiyyət kəsb edən buğda istehsalı 117,8 min ton, ikinci çörək hesab edilən kartof istehsalı 154,1 min ton, tərəvəz 53,9 min ton, bostan məhsulları 600 ton, bal istehsalı 36,4%, barama istehsalı 45,3%, tütün istehsalı isə dəfələrlə azalıb və sair. Onun vaxtında ərzaq məhsulları 50 faizə yaxın bahalaşıb, yeyinti məhsulları idxalı kəskin şəkildə artıb.i Niyə televiziya müxbirləri bu uğursuzluğun nədən baş verdiyini soruşmurlar? Gələcəkdə, 2030-cu ildə kənd təsərrüfatında vəziyyətin necə olacağını o, haradan bilər? Təəssüf ki, o və onun müavinləri aqrar sahədən çox-çox uzaq və aralı adamlardır. Onlar heç süni intellekt vasitəsi ilə əldə etdikləri məlumatları emal edə biləcək səviyyədə də deyillər. Kənd təsərrüfatı isə çox mürəkkəb, olduqca mürəkkəb sahədir. Təəssüf ki, vaxt gedir və imkanlar əldən verilir. Ölkəmiz inkişafdan geri qalır…”.
Bəli, ötən ilin bu dövrü ilə müqayisə edəndə qiymətlərin ən azı 2-3 dəfə baha olduğu aydın görünür… Məsələn, qara gilas ötən ilin bu dövründə 3-4 manat arası olardı, indi 8-12 manata satılır. Onu isə, ancaq deputatlar ala bilər… Fermerlər ötən il becərdikləri soğanı, kartofu belə sata bilmədilər, alıcı olmadı, çürüdü, zibilə döndərildi… Yun alıcısı yoxdur, çobanlar yunu qırxıb yandırır… Belə kənd təsərrüfatı olar? Hazırda taxıl biçinidir, fermerlər “Təzadlar”a şikayət edirlər ki, kombaynlar arpanın 1 hektarını 100 manata biçir, alverçilər bazarı öldürüb kilosunu 25-30 qəpiyə alır… Nazir Məcnun Məmmədov ingilis dilini yaxşı bilə bilər, amma torpağın və fermerin də dilini yaxşı bilməlidir ki, orta məhsuldarlığı yaxşı halda 25- 30 sentner olan 1ha sahədən 2,5- 3 ton arpa çıxırsa, fermerə maya dəyəri çıxandan sonra bu satış qiyməti ilə qəpik- quruş qalır… Ona görə də fermer küsüb gedir, ardınca da torpaq… Sonda isə qiymətlər üzümüzə qayıdır…
A.Məmmədli