Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə cərimələr tətbiq ediləcək.
Tezadlar.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında keçirilən bugünkü birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni:
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestrinə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıdakı müddəaların qüvvəsi kritik informasiya infrastrukturuna, dövlət orqanlarına (qurumlarına), o cümlədən Mərkəzi Banka, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə (bank, sığortaçı, təkrarsığortaçı, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi, ödəniş xidmət təchizatçıları və s.) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan ve strateji obyektlərin informasiya infrastrukturuna, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Mərkəzi Bank tərəfindən yaradılmış kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə və təhlükəsizlik əməliyyatları mərkəzlərinə şamil edilməyəcək.
Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.