…İşi bərkə düşən kişi Allahı çağırır: “Qurban olum sənə, ey gözəgörünməzim, gözümün ağı-qarası bir cöngəm var, sənə qurban deyirəm, noolar, bu işimə kömək elə!”.
Bir gün keçir, kişinin işi düzəlir. Baxır ki, qurban dediyi cöngənin 3 min dollarlıq əti var, qıymır, kəsməyə əli gəlmir. Gedir Şeyxin yanına:”Qurban olduğuma cöngəni qurban demişdim, işim düzəldi. Olarmı cöngəni erkəklə əvız eliyim?!”.
Şeyx məsləhət verir ki, əlbəttə olar, ikisi də Allahın qurban buyurduğu heyvandır.
Kişi sevinclə yollanır evə, bıçağı alıb əlinə erkəyə sarı gedəndə baxır ki, erkəyi satsa, ən azı 300 dollar qabağa düşəcək, kəsməyə əli gəlmir. Səhərisi gedir yenidən şeyxin yanına: “Qadan alım şeyx, mən erkəyi qurban demişdim, olarmı onu keçi ilə əvəzləyim?!”.
Şeyx buyurur ki, əlbəttə, olar…
Kişi tez yollanır evə, bıçağı əlinə alıb keçini kəsmək istəyəndə qonşu onu səsləyir ki, a kişi, nəvəmə keçi südü lazımdır, 200 dollar verim, onu ver bizə, niyə kəsirsən axı?! Kişi əlini saxlayır, qonşu ilə halallaşır… Amma dərhal da qaçır şeyxin yanına: “Qurban olum, mənə bir də məsləhət ver: mən keçini qurban demişdim, olarmı onu xoruzla əvəz eliyim?!”.
Şeyx təsbehi çevirib üzünü tutur kişiyə:
– Əlbəttə olar… Amma bir şərtlə: bir də işin Allaha düşməyəcəksə, olar…
Yadıma Trampla Putinin Ukrayna sövdələşməsi düşdü…
Asif MƏRZİLİ