Ermənistanda parlament seçkilərində namizədlərdən biri olan keçmiş prezident – “Ermənistan” blokunun (Hayastan) rəhbəri Robert Köçəryan sərsəm bəyanatlar səsləndirməkdədir.
Arxasında “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyalarının dayandığı Köçəryan revanşist və anti-Azərbaycan erməni kəsimlərinə güvənərək müharibə çağırışları edir, Azərbaycanın torpaqlarını işğal etmək hədələri ilə regionda vəziyyəti gərginləşdirməyə çalışır.
Köçəryan bu rasist və neonasist mövqeyi ilə Azərbaycan və Ermənistan arasında ötən ilin avqust ayında Vaşinqtonda paraflanmış sülh sazişinin prinsiplərini tapdalayır, müharibə və qan istəyir.
Son 9 ayda iki ölkə arasında sülh etimadının ən yüksək səviyyəyə çatdığı, Azərbaycanın Ermənistanı yanacaq və digər məhsullarla təmin etdiyi, nəqliyyat körpülərini üzünə açdığı indiki münbit bir şəraitdə revanşistlərin fəallaşması İrəvan üçün fəalakət vəd edir.
Mən Köçəryanın bu cür təhdid dili ilə danışdığına görə, hakimiyyətə gəlməsini arzulayıram.
Niyə istəyirəm?
Xatırlayırsınızsa, Paşinyan da hakimiyyətə gələndə ilk vaxtlar Azərbaycanla hədə ritorikası ilə danışır, Şuşada çıdır düzündə şərab içərək yeni torpaq iddiaları ilə danışır, “Qarabağ Ermənistandır” bəyanatı səsləndirirdi. 2020-ci ildə yeni təxribatalara əl atmasına cavab olaraq Cənab İlham Əliyevin Dəmir Yumruğu onun ağlını başına gətirdi.
Paşinyan 6 ildir ki, düz yoldadır və Qarabağın Azərbaycan torpağı olduğunu, heç vaxt ermənilərlə bağlılığı olmadığını deyir və vaxtilə yol verdiyi səhvlərini yaxşı anlayır, sülhdən başqa çıxış yolu görmür.
Ona görə də, Köçəryannın baş nazir olması lazımdır ki, Azərbaycan Prezidentinin sərt yumruğunu başında hiss edərək ağıllansın.
Deyəsən, onun 2020-ci ilin oktyabr ayında Sarkisyanla qaçıb gizləndiyi sığınacaqlar yaddan çıxıb, həmin vaxt bu iki cani canlarını qurtardı, ancaq törətdiyi cinayətlər başlarının üzərində Domokl qılıncı kimi izləyir, Dəmir Yumruq məqamını gösləyir.
Çox arzumdur ki, Köçəryan hakimiyyətə gəlsin və və müharibə təxribatına əl atsın, onda yeni hərbi-siyasi mənzərəni aydın görəcəyik.
Azərbaycan Ordusu Kəlbəcərdə, Laçında yüksəkliklərdəki postlarda Ermənistanı ovuc içi kimi izləyir, kimin nəyə qadir olduğunu onlardan da yaxşı görürlər.
Silahlı Qüvvələrimizin Zəngəzura, İrəvana dail olması 23 saat vaxt tələb edir. Köçəryanın isə doğulduğu Daşkəsənə gətirililməsinə cəmi 1-2 saat vaxt lazımdır.
Onsuz da, Azərbaycanın bu təcavüzkar, Xocalı qatili ilə yarımçıq qalan haqq-hesabı var. Köçəryan cinayətkardır və Azərbaycan məhkəməsi qarşısına çıxacağına inanıram, onun Araik, Qukasyan, Saakyan, Vardanyanla bir hücrədə çay içməsini gözləyirik.
Prezident İlham Əliyev ötən gün Zəngilanda çıxışı zamanı bildirdi ki, Ermənistan ordusu Vətən müharibəsində iki dəfə təslim oldu. Bu gün biz istədiyimizə nail olmuşuq və Ermənistanla müharibə aparıb məhv etmək niyyətimiz yoxdur. Ancaq Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq.
Köçəryan Cənab İlham Əliyevin bu xəbərdarlığını bir daha nəzərdən keçirsin, əgər müharibə istəyirsə, buyursun, Ermənistan üçüncü dəfə təslim olacaq.
Xalqımızın bir el misalı var: Atalar üçdən deyib, üçüncü təslimçilik Ermənistan üçün məhvə məhkum olmaq deməkdir.
Vaqif Abdullayev,
Professor