Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb.
Tezadlar.az xəbər verir ki, layihə çərçivəsində Yevlax rayonundan müraciət edən 20 gənc ailə seçilərək cari il ərzində xüsusi təlim proqramına cəlb olunub. Təlimlər zamanı iştirakçılara təcrübəli arıçılar tərəfindən həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb. Proqramı başa vuran iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim edilib. Bununla da gənc ailələrin müstəqil təsərrüfat fəaliyyətinə başlaması üçün lazımi şərait yaradılıb.
Növbəti dövrdə isə layihə iştirakçılarına təsərrüfatlarının inkişafı, məhsuldarlığın artırılması, istehsal etdikləri təbii bal məhsullarının təqdimatı və satışı istiqamətində dəstək göstərilməsi davam etdiriləcək.
Xatırladaq ki, “Gənc arıçı” layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib. Layihə iştirakçılarının istehsal etdikləri təbii bal məhsulları müxtəlif bal festivalları və yarmarkalarında təqdim olunub.
Layihənin xüsusi məqamlarından biri də Leyla Əliyevanın ötən dövr ərzində regionlara səfərləri zamanı “Gənc arıçı” layihəsinin iştirakçılarını evlərində ziyarət etməsi, onların təsərrüfatları ilə tanış olması, fəaliyyətləri ilə maraqlanması və dəstək göstərməsidir.
Layihə, eyni zamanda, gənc ailələrin sosial rifahının yaxşılaşdırılmasına, regionlarda dayanıqlı məşğulluğun təmin olunmasına və ailə təsərrüfatlarının inkişafına töhfə verir.