Litva prezidenti Gitanas Nauseda ölkəsinin atəşkəsdən sonra Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib.
“Mənim ölkəm lazımi dəstəyi verməyə hazırdır. Söhbət hərbi kontingentimizin çox konkret sayından gedir, lakin bütün koalisiya ölkələri bu cür dəstəyi təmin etmək üçün öhdəlik götürməlidir”, – o, Bloomberg TV-yə müsahibəsində deyib.
Baltikyanı ölkə prezidenti Litvanın bu “sülhməramlı missiya” üçün nə qədər hərbi qulluqçu ayırmağa hazır olduğunu dəqiqləşdirməyib.
Bundan əvvəl Britaniya mediası Böyük Britaniya və Fransanın Ukraynada sülh sazişini təmin etmək üçün 10 mindən 30 minə qədər əsgərdən ibarət “sülhməramlı korpus” yaratmağa ümid etdiyini bildirmişdi. Cümə axşamı Londonda “istəkli ölkələrin koalisiyası”nın hərbi rəhbərlərinin görüşü keçirilib və orada Ukraynaya qoşun yeridilməsinin əməliyyat detalları müzakirə edilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 12-də bildirib ki, NATO qoşunlarının Ukrayna torpaqlarında istənilən bayraq altında və istənilən vəzifədə olması Rusiya üçün təhlükədir. Onun sözlərinə görə, Rusiya heç bir halda bunu qəbul etməyəcək.
ELBAR