…Məzuniyyətdən istifadə edib, tezadlar.az- ın İsveçrədə xüsusi müxbiri kimi Avropada kiçik bir səyahət planı çızdıq, İsveçrəyə yaxın olan Lixtenşteynə səfər etdik. İsveçrədə hər ilin sonu növbəti il üçün məzuniyyət cədvəli tərtib edib, iş yerinə təqdim etməlisən. Əlli yaşına qədər işçilərin bir ildə 5 həftə, 50 yaşdan yuxarı işçilərin isə, il ərzində 6 həftə məzuniyyət haqqı var. Bu həftələr birlikdə və başqa–başqa aylarda ola bilər. İsveçrədə məktəblilərin yay tətilindən başqa, hər biri 2 həftə olmaqla daha 4 tətili olur. Bu tətillər fəsillərin dəyişməsi dövrünə görədir.
Adətən valideynlər uşaqlarla birgə istirahət, səyahət etmək üçün öz iş məzuniyyət günlərini seçərkən, məktəb tətillərini nəzərə alırlar. Biz də məhz bu amili nəzərə alıb, yaxın Lixtenşteynə səyahət etmək qərarına gəldik.

Əvvəl qatarla, ardınca avtobusla davam edən yolçuluğumuz 3 saat sonra bizi Lixtenşteynin paytaxtı Vadusa gətirdi. Avropanın bu ən kiçik ölkəsi haqda geniş yazmağa ehtiyac görmürəm, sadəcə onu qeyd edim ki, ərazisi 160 kv.km., əhalisi isə, 41 min nəfərdir. Ölkə qərbdə İsveçrə, şərqdə isə Avstriya ilə həmsərhəddir. Rəsmi dilin alman dili olması (90% bu dildə danışır), mənim işimə yarayırdı. Ölkə əhalisinin 70%-dən çoxu xristianlığın katolik məzhəbinə tapınır.Ölkənin iqtisadiyyatında heyvandarlıq, əkinçilik (taxıl, tərəvəz, üzüm becərilməsi)xüsusi yer tutur. Lixtenşteyn yüksək keyfiyyətli şərabları ilə də məşhurdur.
Bu kiçik Ölkənin əsas gəlirində turizmin də çox böyük payı var ki, mən özüm də bunun şahidi oldum. Burda indi payız – havanın çox da isti olmamasına baxmayaraq, hara gedirsənsə, qarşılaşdığım adamların əksəriyyəti tutistlərdir.Vadusda otel haqqı və yeməklərin qiyməti yetərincə bahadır, yəqin elə həm də buna görə Lixtenşteyn Avropanın ən bahalı ölkələrindən sayılır. Burada gördüyün yerli sakinlər ilk baxışda heç də Almaniyada və ya İsveçrədəki kimi salamsevər deyillər, ancaq ünsiyyətə girdikdə mehribandırlar və sənin hər sorğuna məmuniyyətlə ətraflı cavab verirlər. Mən adi avtobus sürücüsü ilə söhbətimdə bir daha buna əmin oldum. Hətta sürücü mənim azərbaycanlı olduğumu biləndə söhbətimiz daha maraqlı oldu və özləri barədə ətraflı məlumat verdi…
Vadus kiçik şəhərdir, təmizdir, səliqəlidir. Mərkəzi küçəsi elə köhnə şəhərdir. Burda ölkə muzeyi, incəsənət muzeyi, əsrlərin yadigarı kilsə, tarixi hökumət binası v.s yerləşir ki, ona görə də şəhərin bu hissəsi həmişə turistlərlə dolu olur. Bir az hündürdən – meşənin içində isə məşhur Vadus qalası boylanır. Qalaya çıxmaq üçün meşənin içində, dolanbac yollarla 15-20 dəqiqə yamaca qalxmaq lazım gəldi…
Turistlərdən söz düşmüşkən, onların əksəriyyəti Asiyadan – Çin, Hindistan və.s. ölkələrdəndir. Bütün günü Vadusda gəzib dolaşdıqdan sonra, əvvəldən sifariş etdiyimiz otelə getdik. Heç də ucuz qiymətə olmayan, ancaq yaxşı (onlayn) xidmətə malik oteldə gecəni dincəlib, sabahı şəhərin “Vadus” futbol klubunun stadionunu ziyarət etdim. Kiçik (6127 oturacaq), ancaq yaraşıqlı “Reynpark” stadionu göz oxşayan arenası ilə məndə xoş təəssürat oyatdı.
Stadionun yerləşdiyi şəhər kənarı ərazi isə, çox gözəldir, bir tərəf meşə, bir tərəf yaşıl yamac, təmiz hava və sakitlik. Lakin, bütün bunlardan başqa, stadionda rastlaşdığım işçilər, məşqçilərin mehribanlığını da qeyd etməliyəm. Onlarla söhbət əsnasında doğma “Qarabağ” komandasının azarkeşi və həmşəhərlisi olduğumu da qeyd etdim. Sevindirici haldır ki, “Qarabağ”ın son illərdə Avropa arenasındakı uğurları onu indi daha da məşhurlaşdırıb və artıq komandamızı Vadusda da yaxşı tanıyırlar. Onlardan komandamız haqda qürurverici sözlər eşitməyin isə bir ayrı təəssüratı oldu. Yerlilər, hətta Azərbaycan millisi haqda da xatırladılar. Yeri gəlmişkən deyim ki, 1932-ci ildə yaranmış “Vadus” hazırda İsveçrə çempionatının 2-ci divizionunda çıxış edir. Əvvəllər avrokuboklarda da çıxış edib. Həm də bu mötəbər yarışlarda Lixtenşteyni ilk təmsil edən klub olub. Kim bilir, bəlkə yenə nə vaxtsa yenidən daha uğurlu çıxışıları ilə özünü xatırladacaq və bizim Azərbaycan komandalarını da Lixtenşteynə gətirəcək…

İki günlük səfəri başa vurub, geriyə evə – İsveçrəyə döndük. Səfər məndə xoş təəssürat yaratdı. Düzdür Lixtenşteyn İsveçrədən çox şey ilə fərqlənmir, hətta bəziləri onu İsveçrənin bir kantonu (vilayəti) sanır, ancaq fərqli cəhətlər də var. Əlbəttə, ortaq alman dili, ortaq kültür, oxşar mətbəx, tədavül vahidi olan İsveçrə frankı və s. Lixtenşteyni daha da doğma edir.
Bütün hallarda salamat qal, Lixtenşteyn, hələlik Vadus. Qismət olsa, yenə gələrik.
P.S.Ötən həftə əziz “Təzadlar”ın media sahəsindəki bir uğurunu eşitdimş 4 əməkdaç “Veysəloğlu” Şirkətlər Qrupunda. 1 birinci və 3 həvəsləndirici mükafatlaraş nəhayət, qəzetin baş redaktoru Asif Mərzili isə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir… Özünün yaranmasının (1993) artıq 33- cü ilini qeyd etməkdə olan qəzetin doğma kollektivini və onun rəhbəri Asif bəyi ürəkdən təbrik edirəm, hər kəsə yeni yaradıcılıq uğurları arzulayıram.
İlham Rəsul,
Vadus – Lixtenşteyn
09.10.2025



