Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Maduro məhkəməyə gəlməzdən əvvəl ittihamnaməni görmədiyini və hüquqlarından xəbərsiz olduğunu bildirib
Dünən – 5 yanvarda devrilmiş Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ-ın Nyu-York şəhərində federal hakim qarşısına çıxdılar. Onlar narkotik qaçaqmalçılığında və digər cinayətlərdə ittiham olunurlar.
Tezadlar.az bildirir ki, “The New York Times” xəbər verir.
İlk məhkəmə iclasında Maduro günahını inkar edib.
“Mən Venesuelanın prezidentiyəm. Özümü hərbi əsir hesab edirəm. Mən layiqli insanam. Karakasdakı evimdə əsir götürülmüşəm”, – deyə o, məhkəmədə bildirib.
Hakimin suallarını cavablandıran Maduro məhkəməyə gəlməzdən əvvəl ittihamnaməni görmədiyini və hüquqlarından xəbərsiz olduğunu bildirib. Nəşr qeyd edib ki, devrilmiş Venesuela prezidenti və həyat yoldaşı Karakasda ABŞ hərbi əməliyyatı zamanı əsir götürüldüklərindən cəmi iki gün sonra məhkəməyə gətiriliblər və bu, Maduronun müdafiə qrupuna dinləməyə hazırlaşmaq üçün kifayət qədər vaxt verməyib.
Hakim ittiham aktını oxumağı təklif edib, lakin Maduro tərcüməçi vasitəsilə sənədi şəxsən oxumağa üstünlük verdiyini bildirib. Devrilmiş Venesuela prezidentinin vəkili, əvvəllər Wikileaks-in qurucusu Julian Assanjı təmsil edən Barri Pollak Maduronun dörd ittihamın hamısında günahkar olmadığını vurğulayıb.
Pollak əlavə edib ki, hazırda Maduro üçün girov tələb etməyəcək. Lakin o, bunu daha sonra edə biləcəyini vurğulayıb.
Maduronun vəkili qeyd edib ki, o, Maduronun suveren dövlətin başçısı kimi rolu ilə bağlı vəsatətlər verə bilər. O, həmçinin devrilmiş Venesuela prezidentinin hərbi yolla qaçırılmasının qanuniliyi ilə bağlı sualları olduğunu bildirib.
Daha sonra hakim iş üzrə növbəti dinləmənin 17 martda keçiriləcəyini elan edib. Qısa müddət sonra təqsirləndirilən şəxslər məhkəmə zalından çıxarılıb.
Maduro və həyat yoldaşı məhkəməyə necə gətirilib?
“The Guardian” əvvəllər ABŞ hərbçiləri tərəfindən tutulan Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin Nyu-Yorkda məhkəməyə gətirildiyini bildirmişdi. Onlar Manhettendəki Daniel Patrik Moynihan Rayon Məhkəməsinə aparılıblar.
Maduro həbsxana paltarında, əlləri qandallı və mühafizəçilərin əhatəsində gətirilib. O, məhkəməyə zirehli maşında aparılıb. Maduro və həyat yoldaşının həbsxana binasından vertolyotla aparıldığı da məlumdur.
Maduro digər ittihamlarla yanaşı, narkotik qaçaqmalçılarına “hüquq-mühafizə orqanlarının himayəsini və logistika dəstəyini təmin etməkdə” ittiham olunur. O, həmçinin Venesuela diplomatik pasportlarını tanınmış narkotik qaçaqmalçılarına satmaqda və Meksikadan Venesuelaya narkotik gəlirlərini qaytarmaq üçün diplomatik himayə altında uçuşları asanlaşdırmaqda ittiham olunur.
E.ŞİRİNOV