Bişkek meriyası trolleybusları elektrik avtobuslarına çevirməyi təklif edib.
Tezadlar.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə bələdiyyənin nəqliyyat və yol-nəqliyyat infrastrukturu departamentinin direktoru Ulan Beyşenbayev Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlamenti-red) nəqliyyat, rabitə, memarlıq və tikinti komitəsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, Oşa 100, Narına isə 6 trolleybus köçürüldükdən sonra Bişkekdə 42 trolleybus qalıb.
Onlar akkumulyatorlar quraşdırılaraq elektrik avtobuslarına çevriləcək.
“Biz mütəxəssisləri dəvət etdik, dedilər ki, bu mümkündür. Hazırda bir trolleybus pilot rejimdə yenidən qurulur, biz onu 10 gün ərzində işə salacağıq”, – deyə Ulan Beyşenbayev bildirib.
Qeyd edək ki, Joqorku Keqeşin nəqliyyat, rabitə, memarlıq və tikinti komitəsinin iclasında Oş üçün trolleybusların alınması üçün kreditin alınması imkanları da nəzərdən keçirilir.
Deputatların suallarını cavablandıran Ulan Beyşenbayev bildirib ki, Bişkek trolleybusları rentabelli olmadığı üçün Oşa köçürülüb və 2024-cü ilin səkkiz ayı ərzində paytaxt büdcəsindən onların təmin edilməsinə 220 milyon som xərclənib.
Deputat Uluqbek Ormonovun Oşa niyə trolleybusların verilməsi ilə bağlı sualına cavabında Oş merinin müavini Sonunbek Cunusbayev cavab verib ki, bu trolleybuslar Oşa gəlir gətirir.
“Məsələn, birinci növbənin trolleybuslarını götürək. Hər trolleybusdan gündə 4900 som yığılır. “Xərclər 900 somdur, 4 min som bir trolleybusun gündəlik qazancıdır”, – deyə Sonunbek Cunusbayev bildirib.
Xatırladaq ki, paytaxt Bakını da bir vaxtlar trolleybus və tramvaylar bəzəyirdi. Bu nəqliyyat növləri həm gediş-gəliş qiymətinə görə çox ucuz (3-4 qəpik idi), həm də ekoloji cəhətdən təmiz idi. Dünyanın çoxlu sayda ölkələrində, eyni zamanda Avropada da bu nəqliyyat növündən istifadə edilir.
Qeyd edək ki, Bakıda tramvayların ömrü cəmi 80 il (1924–2004), trolleybuslarınkı isə 63 il (1941-2004) çəkib…
Y.Məmmədli