Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu hadisədən sonra insanlar metroya əvvəlki rahatlıqla daxil ola biləcəkmi?
Ötən gün Bakı metrosunda baş verən hadisə sərnişinlərə çətin və gərgin anlar yaşadıb. Baş verən nasazlıq nəticəsində dörd qatar tuneldə qalıb, minlərlə insan isə bir müddət çıxılmaz vəziyyətdə gözləməli olub. Paytaxtın əsas nəqliyyat vasitələrindən biri hesab olunan metroda yaşanan bu problem ciddi narazılığa səbəb olub. Çox hörmət etdiyim metropolitenin mətbuat katibi, dostumuz Bəxtiyar Məmmədov açıqlamasında bildirdi ki, “21 aprel təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz” – “Nərimanov” mənzilinin aralıq kabelində baş vermiş qısa qapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb”.

Onun sözlərinə görə, metroda qatarların hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisidir. “Yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz -Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb”. Yəni paytaxtın əsas nəqliyyat damarını bir elektrik kabeli sıradan çıxarıb. Bu faktın özü vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Sual yaranır: milyonlarla vəsait ayrılan, hər gün yüz minlərlə insan daşıyan Bakı Metropoliteni necə olur ki, bir texniki nasazlıq qarşısında iflic vəziyyətinə düşür? Ehtiyat enerji sistemi hanı? Alternativ təhlükəsizlik mexanizmləri hardaydı? Fövqəladə vəziyyət planı niyə işləmədi? Bunlar çox ciddi cavab tələb edən suallardır… Ancaq əsas məsələ bilirsiniz, nədir? Sadə vətəndaş yol hərəkəti qaydasını pozanda dərhal cərimələnir. Kommunal ödənişi gecikdirəndə xəbərdarlıq alır. Benzin bahalaşır, tarif artır, yük yenə vətəndaşın üzərinə düşür. Amma minlərlə insanı tuneldə risk altında qoyan sistem nasazlığına görə kim cavab verəcək? Bu boyda məsuliyyətsizliyə bir məsuliyyət daşıya olacaqmı? Təbii ki heç kimə “Gözün üstə qaşın (qısa qapanma) var”deməyəcək.
Əgər bir şəhərin nəqliyyat sistemi bu qədər kövrək vəziyyətdədirsə, sabah daha böyük qəza baş verəndə məsuliyyəti kim daşıyacaq? İnsanların haqlı narazılığı da məhz budur. Qiymət artırılanda “xidmət yaxşılaşır” deyilir, amma reallıqda isə, xidmət yox, problemlər daha da artır. Bakı Metropoliteni üçün əsas təhlükə kabel yanması yox, ictimai etimadın “yanmasıdır”. Çünki insanlar bir dəfə qorxu yaşayandan sonra metroya əvvəlki rahatlıqla girib-çıxmağa qorxacaq. Azərbaycanın ən strateji nəqliyyat vasitələrindən biri olan metroda işıq problemi yaranır, qatarlar tuneldə qalır, minlərlə insan isə qorxu, stres, həyacan içində nə edəcəyini bilmir. Bəs bunun bir cəzası, bir məsuliyyət daşıyanı olmayacaqmı? Məhz bu cəzasızlığın səbəbindən belə hallar təkrarlanır. Əgər vaxtında tədbir görülsəydi, bəlkə də belə olmazdı.

Azərbaycan əhalisinin böyük hissəsini daşıyan metro adi qısa qapanma problemindən necə də iflic vəziyyətə düşdü, amma cəzalanan olmadı. Ən azından rəhbərlik səviyyəsində məsuliyyət məsələsi qaldırılmalı idi. Bir daha qeyd edirəm günü-gündən qiymətlər qalxır və adını da qoyurlar ki, xidmət yaxşılaşdırılır. Budurmu xidmətin yaxşılaşdırılması? Gəlin əyri oturaq, düz danışaq. Biz hansı dövrdə yaşayırıq ki, belə bir gərginlik problemindən metro iflic olsun? Xırda çayxanaların belə ən azı iki generatoru var. Bəs bu boyda metronun generatoru yoxdurmu? Azərişıq hara baxır?
Minlərlə insan bu boyda zülm yaşatdıqları azmış kimi, hələ deyilir ki, bir müddətdən sonra şəhərə giriş məhdudlaşdırılacaq, hamı ictimai nəqliyyatdan istifadə etməli olacaq. Bəs bu vəziyyətdən sonra kim metrodan istifadə edər? İnsanlar qorxusundan bir müddət metroya yaxın düşməyəcək. Deyilənə görə, iki nəfər özünü pis hiss edib. Bir nəfər isə həmin anda keçirdiyi qorxu, həyəcan və stresdən, hadisədən bir müddət sonra özünü itirərək, qatarın altına yıxılıb və həyatını itirib. Allah rəhmət eləsin. Yaxşı ki, hadisə bir itki ilə yekunlaşıb. Müxtəlif xəstəlikdən, ürək zəifliyindən əziyyət çəkən insanları nəzərə alsaq. İtkinin miqyası daha böyük ola bilərdi…

Bəli, bu, həqiqətən ciddi ictimai etimad problemidir. İnsanlar qiymət artımını adətən o zaman qəbul edir ki, qarşılığında daha yaxşı xidmət, təhlükəsizlik, rahatlıq və keyfiyyətli işi görsünlər. Əgər qiymətlər artır, amma xidmət yaxşılaşmaq əvəzinə, daha da zəifləyirsə, onda narazılıq və inamsızlıq qaçılmaz olur. Bakı Metropoliteni kimi gündəlik həyat üçün vacib qurumlarda bu məsələ daha həssasdır. Çünki burada söhbət sadəcə rahatlıqdan yox, insanların vaxtından, təhlükəsizliyindən və psixoloji rahatlığından gedir. İnsan hər gün istifadə etdiyi sistemdə problem görəndə düşünür: “Mən nə üçün daha çox pul ödəyirəm?” Necə deyərlər, “Kor-kor, gör-gör, hər şey göz qabağındadır” fikri də bunu ifadə edir. İnsanlar real vəziyyəti öz gözləri ilə görürlər. Uzun növbələr, sıxlıq, nasazlıqlar, gecikmələr, texniki problemlər varsa,təkcə rəsmi izahlar kifayət etmir. “Cəzasızlıq” anlayışı insanlarda “heç nə dəyişməyəcək” hissini yaradır. Ən təhlükəli tərəfi də budur. Çünki cəmiyyət problemlə yox, ümidsizliklə üzləşir.
Təbii ki, bu hadisə araşdırılmalı, məsul şəxslər mütləq cəzalandırılmalı, rəhbərlik səviyyəsində cavabdehlik göstərilməlidir. Əks halda, bu cür qəzalar davam edəcək və hər dəfə eyni cümlə eşidiləcək: “Texniki nasazlıq baş verdi.” Bu isə, artıq izah və problemin həlli deyil, acizliyin, məsuliyyətsizliyin etirafıdır.
Elşad FƏRMANOĞLU