Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2019-cu ildən indiyədək 29 mindən çox müştəriyə “Miles&Smiles” kartları təqdim olunub.
Tezadlar.az xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev təmsilçisi olduğu bank və Türk Hava Yolları arasında “Miles&Smiles” məhsulu üzrə Memorandumun imzalanması mərasimində deyib.
O bildirib ki, “Miles&Smiles” məhsulu 2019-cu ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir və tərəflər artıq yeddi ildir uğurlu əməkdaşlıq edirlər.
Onun sözlərinə görə, ötən yeddi il ərzində 29 mindən çox müştəriyə kart təqdim olunub, 200-ə yaxın tərəfdaş şəbəkə layihəyə qoşulub və bunun nəticəsində 700-ə yaxın brend kart istifadəçiləri üçün əlçatan olub.
“Bu göstəricilər bizim üçün mühüm nəticədir. Eyni zamanda əminəm ki, qarşıdakı dövrdə bu rəqəmləri daha da artıracağıq. Komandamızla birlikdə bu istiqamətdə davamlı çalışırıq”, – deyə o vurğulayıb.
Bəhruz Nağıyev bildirib ki, layihə çərçivəsində müştərilər topladıqları millər hesabına indiyədək 84 mindən çox aviabilet əldə ediblər.
“Bu kart heç vaxt mənim üçün adi kart məhsulu olmayıb. Mən ona sadəcə bilet qazanmaq vasitəsi kimi baxmıram. Düşünürəm ki, səyahət etmək, müxtəlif ölkələri, mədəniyyətləri və insanları tanımaq şəxsi inkişaf üçün olduqca vacibdir. Bu səbəbdən biz əslində müştərilərə sadəcə mil deyil, xəyallarını reallaşdırmaq imkanı təqdim edirik”, – deyə o qeyd edib.
Nağıyev əlavə edib ki, qarşıdakı üç il ərzində tərəflər arasında imzalanan yeni memorandum çərçivəsində daha böyük nəticələr əldə etmək məqsədi qoyulub.
“Hazırda əsas hədəfimiz müştərilərin gündəlik istifadə etdikləri xidmət və ticarət məkanlarını tərəfdaş şəbəkəmizə cəlb etməkdir ki, “Miles&Smiles'” kartı onlar üçün ən məntiqli seçim olsun”, – deyə o bildirib.
Sonda Bəhruz Nağıyev Türk Hava Yolları və “PAŞA Bank” komandalarına təşəkkür edib, yeni memorandumun tərəfdaşlığın daha da güclənməsinə və müştərilər üçün yeni imkanların yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.