Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/6
Avqustun 18-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid, Azərbaycanın Milli Qəhrəmanı Aslanov Xəqani Kazım oğlunun doğum günü münasibətilə anım tədbiri keçirildi. Tezadlar.az xəbər verir ki, Sabunçu rayonundakı H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Milli Qəhrəman Xəqani Aslanovun həyat və döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Xəqani Aslanov 1955-ci il avqustun 18-də Ağdam rayonunun Şelli kəndində dünyaya göz açıb. Kəndlərindəki orta məktəbi bitirdikdən sonra atasının sənətini davam etdirmək arzusu ilə Şuşa şəhərindəki Plan Uçot Texnikumuna daxil olub. Təhsilini uğurla başa vurduqdan sonra doğma kəndlərindəki “Şelli” sovxozunda mühasib işləməyə başlayıb. Bir müddətdən sonra hərbi xidmətə çağırılan Xəqani əsgəri xidmətini uzaq Murmansk şəhərində keçib. Əsgəri xidmətdən sonra doğmalarının yanına qayıdan Xəqani Aslanov bir vaxtlar oxuduğu məktəbdə əmək təlimi müəllimi işləyib. 1990-cı illərin əvvəllərində Vətənimizin üzərini qara buludlar alanda qardaşları ilə birgə doğma torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qoşularaq şəhidlik zirvəsinə ucalıb.
Məqamında onu da bildirək ki, Anım mərasimində şəhidin döyüş yoldaşları, Qarabağ qaziləri, KİV nümayəndələri, müxtəlif ictimai birliklərin üzvləri, Ağdam, Xocavənd, Mingəçevir, Sabunçu İcra Hakimiyyətinin nümayəndələri, Maştağa Bələdiyyəsinin nümayəndə heyəti, şair və publisistlər, həmçinin Qarabağ və Maştağa ziyalıları iştirak edirdilər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyini, ölkənin hərbi imkanlarının məhdud olduğunu və vahid komandanlıq sisteminin tam formalaşmadığını bildirib. Aydın Mirzəzadə deyib ki, igid oğullar Azərbaycanın güclü ordusunun formalaşacağına və işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanaraq Vətənin müdafiəsinə qalxıblar. Onların fədakarlığının Azərbaycanın əldə etdiyi sabitliyin, inkişafın və qüdrətin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Anım mərasmində Qarabağ döyüşlərində səngərdə igid oğullarımızla çiyin-çiyinə dayanaraq onlara ilkin tibb yardım göstərən tibb bacısı Rüxsanə xanım da şəhid Xəqani Aslanov haqqında öz xatirələrindən bəhs etdi.
Xüsusi təyinatlı, eyni zamanda “Azərbaycan bayrağı” ordeni ilə təltif olunan hərbi həkim Qasım Qasımov, ehtiyatda olan polkovnik Kamil Babayev Qarabağ şəhidi Taleh Eyyubovun qızı İlahə Rəhimli, qazi İmran Musayev, Alqayıt xanım və digər şəxslər şəhid Xəqani Aslanovun Qarabağ döyüşlərində göstərdiyi şücaətdən söhbət açdılar.
Tərlan Maştağalı və şairə Sevda İbrahimli çıxış edərək, şəhidimizə rəhmət, ailəsinə isə dərin hüznlə baş sağlığı verərək “Şəhidlər” və “İgidlər” mahnılarını ifa etdilər.
Tədbirin sonunda Aslanovlar ailəsindən olan üç şəhidin eşqinə hazırlanmış video-çarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən itkin şəhidin həyat yoldaşı Sədaqət Aslanova jurnalistlərə müsahibəsində həm Aslanov Xəqani Kazım oğlunun, həm də onun qardaşlar Aslanov Vidadi Kazım oğlu və Aslanov Nasil Kazım oğlunun vətənpərvər olduqlarını, çətin günlərdə, silah-sursatın yetmədiyi dövrlərdə öz gücləri hesabına düşmənə qan uddurduqlarını deyib: “O dövrlərdə nə Xəqanini, nə də qardaşlarını döyüşdən saxlamaq olmadı. Onlar “Qız-gəlinlərimiz əsir, girov götürülüb, cəbhəyə biz getməyək, bəs, kim getsin?” deyib irəli atıldılar. Bir ailə üç övladını o müqəddəs amal uğrunda qurban verdi”.
Anım mərasiminin sonunda şəhid Xəqani Aslanovun övladları Sadiq və Müsavi də gələn hər kəsə, o cümlədən Maştağa Mədəniyyət Mərkəzinin rəhbəri Tofiq müəllimə yaratdıqları şəraitə görə öz dərin minnətdarlıqlarını bildirdilər.
Bu Anım tədbirində hər kəsin ümumi bir arzusu vardır ki, o da itkin şəhidimiz Xəqani Aslanovun nəşinin tezliklə tapılaraq ailəsinə təhvil verilməsi və ona məxsus məzarının olması ümidi idi…
Hazırladı: RÖVŞANƏ