10 Avqust 2026 / 07:25

“Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib”

İran Prezidenti Məsud Pezeşkian son müharibə zamanı Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərildiyini bildirib. Tezadlar.az xatırladır ki, Pezeşkian jurnalistlər qarşısında çıxışında müharibə zamanı baş verən hadisələr və İranın qonşu ölkələrdə yerləşən ABŞ bazalarına endirdiyi zərbələr barədə danışıb. İran Prezidenti bildirib ki, müharibə zamanı atılan addımlar regional diplomatiyanı müəyyən qədər mürəkkəbləşdirib. Onun sözlərinə görə, İran bəzi region ölkələrinin ərazisində yerləşən ABŞ bazalarını hədəfə alıb və həmin ölkələr də öz ərazilərinə zərbələr endirilməsinə reaksiya veriblər. Pezeşkian qeyd edib ki, İranın bu məsələdə mövqeyi haqlı olub. Çünki İrana qarşı hücumlar həmin ölkələrin ərazisində yerləşən bazalardan həyata keçirilib. Sitat:  “Düzdür, həmin ölkələrin özü bizə hücum etməmişdi, amma onların ərazisindən həyata keçirilən hücum qarşısında susa bilməzdik və bu addımın təkrarlanmaması üçün cavab verməli idik”. İran Prezidenti Azərbaycanın müharibə dövründə yardımların çatdırılmasında oynadığı rola da diqqət çəkib. O bildirib ki, müəyyən mərhələdə Azərbaycan bankları və yolları İran üçün bağlamışdı, lakin aparılan danışıqlardan sonra yollar, bank və səfirlik yenidən açılıb. Pezeşkian qeyd edib ki, müharibə zamanı Rusiyanın İrana yardımları Azərbaycan vasitəsilə həyata keçirilib. Onun sözlərinə görə, Azərbaycan da öz yardımlarını göndərərək bu prosesə dəstək verib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!