Bu gün, oktyabrın 30-da LIBRAFF – Park Akademiya filialında Nik Nvolisanın “My trip to Karabakh” (“Qarabağa səfərim”) adlı kitabının təqdimat və imza mərasimi keçirildi. Tədbir TEAS Press nəşriyyatı, EPFS və LIBRAFF kitab mağazası şəbəkəsinin birgə təşkilatçılığı ilə baş tutdu.

Tezadlar.az xəbər verir ki, tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri, yazıçı-jurnalist Rəşad Məcid açdı. O, çıxışında müəllifin Qarabağa səfərinin yalnız fərdi təəssürat deyil, həm də beynəlxalq auditoriyaya ünvanlanan bir həqiqət missiyası daşıdığını qeyd etdi. O, vurğuladı ki, “My trip to Karabakh” həm səfər qeydləri, həm də müasir Azərbaycanın reallıqlarını anlamaq üçün mühüm mənbə kimi diqqət çəkir.
Sonra BAMF prezidenti Umud Mirzəyev çıxış edərək, layihənin ideyası, müəllifin təşəbbüsü və kitabın ərsəyə gəlmə prosesindən danışdı. O, bildirdi ki, xarici müəlliflərin Qarabağa səfərləri və təəssüratlarının kitab halında təqdim olunması, Azərbaycanın səsinin beynəlxalq mətbuata çıxması baxımından strateji əhəmiyyət daşıyır.

Tədbirdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Baş katibi və BAMF-ın Himayəçilik Şurasının sədri Çingiz Abdullayev çıxış edərək, əsərin publisistik və humanist dəyərindən bəhs etdi. O, qeyd etdi ki, kitabda hadisələrə kənar baxış olsa da, müəllifin səmimiyyəti və faktlara yanaşması Azərbaycan reallıqlarını daha geniş oxucu auditoriyasına çatdırmağa xidmət edir.
TISA-nın (The International School of Azerbaijan) direktoru Angela Romney isə kitabın əhəmiyyətindən və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında bu əsərin rolundan danışdı.

Kitabın müəllifi Nik Nvolisa çıxışında diqqətə çatdırdı ki: “Bu kitabı yazmağa başlayanda İkinci Qarabağ müharibəsi dönəmi idi və həmin vaxt COVID pandemiyası səbəbindən evdən çalışırdım. Bu kitabı hər hansı xarici vətəndaş yazmayıb. Kitab Nigeriyadan olan miqrantın Azərbaycanda gördüklərinin təsviridir. Düşünürəm ki, bu vaxtadək belə kitab çap olunmayıb.”

Müəllif əlavə etdi ki, o bu əsərini bütün dünyaya və öz övladlarına həsr edib.
Tədbirdə həmçinin Milli Məclisin deputatları — Fazil Mustafa, Səməd Seyidov, Ceyhun Məmmədov, Razi Nurullayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və digər qonaqlar çıxış edərək, kitabın beynəlxalq informasiya mübarizəsindəki əhəmiyyətini vurğuladılar.

Sonda qonaqlar və media nümayəndələri müəllifə suallar ünvanladılar. Auditoriyanın maraqlı sualları və müəllifin səmimi cavabları tədbirə xüsusi rəng qatdı.
Tədbirin sonunda imza mərasimi keçirildi, oxucular müəlliflə foto çəkdirdilər və kitablarını imzalatdılar.
Elşad FƏRMANOĞLU

