Bu foto 1963-cü ildə Nazım Hikmetin dəfnində çəkilib. Fotoda Nazıma eşq dolu baxışlarla baxan Veradır, Vera Tulyakova. Nazım Hikmetin son həyat yoldaşı. Nazım Hikmetlə Vera arasında düz 30 yaş fərq var idi və Nazım Veranı tanıyanda qadın evli idi. Nazım uzun müddət Vera ilə birlikdə yaşamaq üçün səy göstərir və sonda Veranın əri İvan məsələyə müdaxilə edir. İvan gəlib Nazımla danışır və Veranı boşamaq üçün Nazımın qarşısına 2 şərt qoyur:
1. Vera ilə rəsmi nikah bağlayacaqsan.
2. Veranın həftədə 1 dəfə gəlib mənimlə qalmasına razı olacaqsan.
Türk mühitində böyüyən bir insan üçün 2-ci şərti qəbul etmək nə qədər çətin olsa da, Nazim qəbul edir. Hətta sonralar Vera nəinki həftədə 1 dəfə İvanın evinə gedir, günlərlə başqa yerlərə gedir və Nazim hara getdiyini soruşmur belə. Zekeriye Sertelin “Nazim Hikmətin son illəri” kitabında maraqlı bir fraza var bu haqda. Zekeriye Sertel Nazim Hikmətdən soruşur: “Evlilik necə gedir?” Nazim cavab verir:
“Təsəvvür edə bilməyəcəyin qədər xoşbəxtəm. Görmürsən bəyəm?! Cavanlaşmışam! Zekeriye, bu yeni Sovet nəsli var ha, son dərəcə sərbəstdir. Məsələn, bizim Vera istədiyi vaxt mənə xəbər vermədən çıxıb gedir. Günlərlə gəlmir. Haraya gedir, niyə gedir, harada qalır, mənə deməyə lüzum belə görmür!”.
Göründüyü kimi Nazim Hikmət Moskvada ateist-kommunist sisteminə tamamilə uymuş, böyüdüyü türk ürfünü unutmuşdu. Kommunistlər burjua cəmiyyətinin ailə strukturunda qadının şəxsi mülkiyyət olduğunu düşünürdülər, ona görə də bu cür ailə strukturuna qarşı çıxıb qadını sosial faktora çevirməyə çalışırdılar. Yəni, qadın istədiyi qərarda sərbəstdir.
Hətta bu məsələylə bağlı Nəriman Nərimanov 1922-ci ildə Leninə şikayət məktubu da yazmışdı. O, kommunist yanaşmanın ölkələrin ənənələrini diqqətə almasının labüd olmasını qabardır və Moskvadan gələn bəzi şəxsləri “yekəbaş kommunist” adlandırırdı. Nərimanov məktubda yazırdı:
“Moskvadan gələn hansısa yekəbaş kommunist gəlib azərbaycanlı kəndlidən soruşur: “Əgər sən görsən ki, arvadın başqa kişi ilə sənə xəyanət edir, nə edərsən?” Kəndli də cavab verir: “İkisini də öldürərəm”. Bu zaman yekəbaş kommunist deyir: “Rədd ol partiyadan! İndi azadlıq dövrüdür və qadın istədiyi şeyi etməkdə sərbəstdir”.






