1 May 2026 / 11:57

Neftçilər Xəstəxanasının direktoru Kliniki Tibbi Mərkəzə direktor təyin edildi

Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu Kliniki Tibbi Mərkəzə direktor təyin edilib.
Bu barədə Tezadlar.az -a TƏBİB-dən məlumat verilib.
M.Abbasov 1996-2003-cü illərdə Azərbaycan və Ukraynada bir sıra xəstəxanalarda həkim olaraq fəaliyyət göstərib. 2003-2014-cü illərdə Mərkəzi Klinik Xəstəxanada fəaliyyət göstərərək baş həkim, baş direktor və direktorlar şurasının üzvü kimi müxtəlif rəhbər vəzifələrdə çalışıb. Eyni zamanda Mərkəzi Klinikanın Gəncə diaqnostika və klinik xəstəxanalarında baş həkim, baş direktor vəzifələrində fəaliyyət göstərib.
2014–2020-ci illərdə Bona Dea Beynəlxalq Hospitalında baş direktorun müavini və baş həkim vəzifələrini icra edib. 2020-ci ildən hazırkı təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb. ABŞ, Almaniya, Belçika, Türkiyə kimi ölkələrdə xəstəxana idarəetmə sistemi (HIS) konfranslarının iştirakçısı olub.
Musa Abbasov 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Əməkdar həkim” adı ilə təltif edilib. O, I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. 2020-ci ildə Vətən müharibəsi zamanı rəhbərlik etdiyi tibbi heyətlə birlikdə yüzlərlə yaralı hərbçinin əməliyyat və müalicəsinin təşkilində mühüm rol oynayıb.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!