Struktur və rəhbər dəyişiklərindən sonra paytaxtın bir sıra tibb mərkəzlərində vəziyyət «ruscadır»! Elə bu səbəbdən Nərimanov Tibb Mərkəzindən «Təzadlar»a göndərilən şikayət məktubu diqqəti çəkir. Kiçik ixtisarla tərqim edirik:
«Hörmətli Tezadlar.az əməkdaşları!
Biz-Nərimanov Tibb Mərkəzinin həkimləri, tibb işçiləri və əməkdaşları olaraq, sizin dəstəyinizə ehtiyac duyuruq. Sizdən dönə-dönə xahiş edirik ki, bizim etiraz səsimizi aidiyyəti qurumlara çatdırasınız.
Bildiyiniz kimi, Nərimanov rayonunda yerləşən 6 saylı Uşaq Xəstəxanasının binası uzun illər əvvəl, 1969-cu ildə inşa edilib və əsaslı təmir olunmadan istismar olunub. Artıq 4 ildən çoxdur ki, həmin binada Nərimanov Tibb Mərkəzi müvəqqəti fəaliyyət göstərir.
Nərimanov Tibb Mərkəzinin əvvəlki binası Fətəli xan Xoyski küçəsi-85 ünvanında yerləşən, 1970-ci ildə inşa edilmiş binadır, əsaslı təmirə bağlanarkən bizə bildirildi ki, təmir işləri başa çatdıqdan sonra kollektiv yenidən öz binasına qayıdacaq. Biz də illərlə bütün çətinliklərə məhz bu ümidlə dözdük.
Bu müddət ərzində biz həkimlər və tibb personalı həm özləri, həm də pasiyentlər üçün son dərəcə ağır şəraitdə işləməyə məcbur olduq.
Binanın sanitar qovşaqlarının vəziyyəti belə insan sağlamlığı baxımından ciddi narahatlıq doğurur.
Həkimlər pasiyentləri müayinədən sonra sidik analizi və digər tibbi prosedurlar üçün sanitar qovşaqlarına yönləndirərkən belə vəziyyətdən utanmaq məcburiyyətində qalırlar.
Ən pisi odur ki, indi bizim yenicə təmirdən çıxmış binamızın TƏBİB tərəfindən Pediatriya Mərkəzinin istifadəsinə verilməsi üçün nəzərdə tutulur. Artıq oradakı tibbi avadanlıqları bizim müvəqqəti yerləşdiyimiz 6 Saylı Uşaq Xəstəxanasının binasına daşıyırlar.
Əgər bu məlumat doğrudursa, Nərimanov Tibb Mərkəzinin əməkdaşları olaraq bunun səbəbini anlamaqda çətinlik çəkirik.
Biz Pediatriya Mərkəzinin yaradılmasının və ölkəmizdə uşaqlar üçün müasir, böyük və beynəlxalq standartlara cavab verən tibb müəssisəsinin olmasının əleyhinə deyilik. Əksinə, bunun vacibliyini hamımız anlayırıq.

Lakin sual yaranır: niyə bunun üçün məhz Nərimanov Tibb Mərkəzinin illərlə gözlədiyi, təmirinə illər sərf olunan və kollektivin geri qayıtmasını gözlədiyi bina seçilməlidir?
Biz illərlə 1970-ci ildən fəaliyyət göstərən və əsaslı təmirə ehtiyacı olan köhnə binada çalışmışıq. Daha sonra həmin bina təmirə bağlandığı üçün 1969-cu ildə tikilmiş, uzun müddət əsaslı təmir görməmiş başqa bir binaya köçürülmüşük. Biz bütün bu çətinliklərə səbr etdik. Çünki düşünürdük ki, sonda təmir edilmiş, müasir və normal iş şəraitinə malik öz binamıza qayıdacağıq. İndi isə illərlə gözlədiyimiz bu qayıdışın baş tutmayacağı barədə məlumatların yayılması kollektivimizdə ciddi narahatlıq və haqlı suallar yaradıb.
Kollektivimiz arasında səsləndirilən söz-söhbətlərə görə, həkimlərin etirazlarının qarşısını almaq məqsədilə TƏBİB-ə bu qərarın guya “yuxarıdan” verildiyi bildirilib. Biz isə düşünürük ki, “yuxarıdan belə göstəriş verilib” ifadəsi həkimlərin narazılığını sakitləşdirmək və onların etirazlarının qarşısını almaq üçün ortaya atılıb.
Biz həkimlərin fikrincə, yuxarı instansiyaların adından qeyri-rəsmi şəkildə istifadə edilməsi yolverilməzdir. Bizim TƏBİB-ə əsas suallarımız bunlardır:
-Nərimanov Tibb Mərkəzinin Fətəli xan Xoyski küçəsi-85 ünvanındakı binasının təmiri başa çatıbsa, kollektiv nə vaxt həmin binaya köçürüləcək?
-Bizim xəstəxananın binası Pediatriya Mərkəzinə verilərkən Nərimanov Tibb Mərkəzinin əməkdaşlarının və Nərimanov rayon sakinlərinin maraqları nəzərə alınıbmı?
-Nərimanov Tibb Mərkəzinin və orada çalışan heyətin hansı binada və hansı şəraitdə fəaliyyət göstərməsi planlaşdırılırmı?
Biz TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin ümumi və şablon xarakterli cavabını deyil, TƏBİB rəhbəri tərəfindən rəsmi olaraq suallarımıza konkret cavablar gözləyirik. Çünki söhbət yalnız bir binadan getmir. Söhbət illərdir ağır şəraitdə həm pandemiya dövründə, həm Vətən Müharibəsi dövründə çalışan həkimlərdən, tibb personalından və hər gün tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinə müraciət edən minlərlə vətəndaşlardan, qazilərimizdən gedir.
Biz hesab edirik ki, illərlə çətin şəraitdə çalışan kollektivimizin öz binasına qayıtmaq ümidi ən azı ciddi şəkildə nəzərə alınmalıdır.
Biz sadəcə illərlə gözlədiyimiz normal iş şəraitinin və öz binamıza qayıtmaq hüququmuzun taleyini bilmək istəyirik».
REDAKSİYADAN: şikayət media olaraq Səhiyyə Nazirliyinə və TƏBİB-ə göndərildi, rəsmi cavablarını gözləyirik…







