Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Müasir dünyada nüvə silahı sadəcə hərbi texnologiya deyil. Bu, gücün son həddi, beynəlxalq sistemin sərhədi və dövlətlərin real niyyətlərini üzə çıxaran ən sərt testdir. Bu gün həmin sərhədə ən yaxınlaşan ölkələrdən biri İrandır. Türkiyə isə bu xəttin o tayına keçmədən, amma ondan geri də qalmadan hərəkət etməyə çalışır. Məhz bu fərq regionda formalaşan yeni gərginliyin əsasını təşkil edir. Türkiyə 1980-ci ildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşularaq bu silahdan imtina edib. Bu, Ankaranın rəsmi mövqeyidir.
Amma bu mövqenin arxasında narazılıq da gizlənir. Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildirib: “Some countries have missiles with nuclear warheads, not one or two. But they tell us we can’t have them. This, I cannot accept.” (Bəzi ölkələrin bir-iki yox, çox sayda nüvə başlıqlı raketləri var. Amma bizə deyirlər ki, sizdə ola bilməz. Mən bunu qəbul etmirəm.) Bu sitat bir həqiqəti açır: beynəlxalq sistem qaydalar üzərində qurulsa da, bu qaydalar hamıya eyni tətbiq olunmur. Qərb isə bu məsələdə dəyişməz mövqedədir. ABŞ rəsmiləri açıq şəkildə bildirir: “We remain committed to preventing nuclear proliferation.” (Biz nüvə silahlarının yayılmasının qarşısını almağa sadiqik.) Bu, sadə bəyanat deyil — qırmızı xətdir. Yəni yeni nüvə dövləti qəbul edilmir. Bu kontekstdə əsas problem İrandır. İranı Qərblə və xüsusilə İsraillə qarşı-qarşıya gətirən əsas faktor məhz onun nüvə proqramıdır.
Qeyd edək ki, İran da eyni müqaviləyə 1970-ci ildə qoşulub, lakin fərqli yol seçib. Tehran rəsmi olaraq nüvə proqramının sülh məqsədli olduğunu deyir. Lakin uranın 60 faizə qədər zənginləşdirilməsi artıq hərbi səviyyəyə yaxınlaşmaq kimi qiymətləndirilir. Məlumdur ki, nüvə silahı üçün tələb olunan səviyyə təxminən 90 faizdir. Bu isə İranın kritik həddə yaxınlaşdığını göstərir. İran bu prosesi dini arqumentlərlə əsaslandırmağa çalışır. Xomeyninin fitvasında belə deyilir: “We consider nuclear weapons as forbidden and believe that it is everyone’s duty to make efforts to secure humanity against this great disaster.” (Biz nüvə silahlarını haram hesab edirik və insanlığı bu böyük fəlakətdən qorumağı hər kəsin borcu sayırıq.) Amma Qərb buna inanmır. Çünki bu, hüquqi yox, siyasi-dini bəyanatdır və dəyişdirilə bilən mövqe kimi qiymətləndirilir.
İsrail bu məsələdə ən aktiv aktordur. Mossad 2018-ci ildə İrandan əldə etdiyi arxiv barədə açıqlama vermişdi. İsrailin o zamankı baş naziri Benjamin Netanyahu demişdi: “Iran lied about never having a nuclear weapons program.” (İran heç vaxt nüvə silahı proqramı olmadığını deyərək yalan danışıb.) Bu qarşıdurma artıq açıq müharibə deyil. Bu, kölgə müharibəsidir. Nüvə alimlərinin hədəfə alınması, kibermüdaxilələr və gizli əməliyyatlar bu mübarizənin görünməyən tərəfini təşkil edir. Pakistanın adı bu məsələdə tez-tez çəkilir. Pakistan özü nüvə proqramını kənar dəstəklərlə qurub. Bu səbəbdən ehtimal olunur ki, texniki bilik paylaşımı mümkündür. Lakin İslamabadın Ankaraya açıq yardım etməsi real deyil — bu, qlobal sanksiyalar demək olardı. Eyni zamanda müxtəlif dövrlərdə Rusiya, Çin və bəzi elmi şəbəkələrin İranın texnoloji inkişafına dolayı təsiri barədə iddialar səsləndirilib. Bu əməkdaşlıqlar rəsmi olaraq enerji və elmi məqsədlərlə izah olunsa da, geosiyasi şübhələr qalmaqdadır. Bütün bu proseslərin fonunda əsas suallardan biri dəyişmir: nüvə silahından daha güclü alternativ varmı? Hazırda belə bir silah mövcud deyil. Hipersəs raketləri, süni intellekt əsaslı sistemlər və kiber texnologiyalar inkişaf etsə də, onların heç biri nüvə silahının yaratdığı qlobal qorxu effektini əvəz etmir. Məhz buna görə də nüvə silahı olan dövlətlər belə ondan istifadə etmir.
Çünki istifadə edildiyi anda cavab zərbəsi qaçılmaz olur və bu, qlobal fəlakətə gətirib çıxarır. Tarix göstərir ki, nüvə silahı təkcə hərbi güc deyil, həm də bəşəriyyət üçün travmadır. 1945-ci ildə ABŞ Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atdı və nəticədə yüz minlərlə insan həlak oldu, şəhərlər faktiki olaraq yer üzündən silindi. Bu hadisə bəşər sivilizasiyasında dərin şüuraltı qorxu formalaşdırdı. Məhz həmin kollektiv yaddaş bu gün nüvə silahından istifadənin qarşısını alan əsas psixoloji baryerlərdən biridir. Üstəlik, müasir nüvə silahları o dövrdə istifadə olunan bombalardan onlarla, hətta yüzlərlə dəfə daha güclüdür.
Bu isə o deməkdir ki, belə silahın istifadəsi artıq təkcə bir şəhərin yox, bütöv regionların məhvinə gətirib çıxara bilər. Bu mövzuda maraqlı və düşündürücü bir məqam da var. Atom bombasının yaradılmasına dolayısı ilə təkan verən Albert Einstein ABŞ prezidenti Franklin D. Roosevelt-ə ünvanlanan məktubu imzalayaraq bu istiqamətdə tədqiqatların başlanmasına təsir göstərmişdi. Lakin sonradan ortaya çıxan dağıdıcı nəticələr onu ciddi narahat etmişdi. Einstein sonrakı illərdə nüvə silahının insanlıq üçün böyük təhlükə olduğunu vurğulayır və bu prosesə görə mənəvi məsuliyyət hiss etdiyini etiraf edirdi. Bu reallıq Türkiyənin qarşısında duran əsas dilemmanı daha da aydınlaşdırır. Ankara nüvə silahına sahib olmaqla strateji müstəqillik qazana bilər, amma bunun əvəzində beynəlxalq sistemdən kənarlaşdırılmaq riski ilə üzləşər.
Digər tərəfdən, mövcud sistem daxilində qalmaq sabitlik təmin edir, amma məhdudiyyətlər yaradır. Nüvə silahı proqramının maliyyə tərəfi də diqqətəlayiqdir. Ekspert hesablamalarına görə, ilkin mərhələ 10–20 milyard dollar, tam hərbi sistem isə 30–50 milyard dollar tələb edir. Bu isə təkcə maliyyə yox, həm də illərlə davam edən elmi və sənaye səfərbərliyi deməkdir. Bu gün region iki fərqli model görür: İran sistemi pozaraq güc qazanmaq istəyir, Türkiyə isə sistemi qoruyaraq güclənməyə çalışır. Amma bu balans sonsuz deyil. Əgər İran nüvə silahı əldə edərsə, bu balans pozulacaq. Türkiyə də seçim qarşısında qalacaq — ya mövcud təhlükəsizlik sisteminə güvənəcək, ya da öz nüvə silahını yaradacaq…
Elbəyi Həsənli
Bakı