Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yeni tikililərdə ard-arda yanğınlar: Niyə hələ də günahkar yoxdur?

Son günlər ölkədə təhlükəli bir proses sürətlə genişlənir: yeni tikilən binalarda ard-arda baş verən yanğınlar insan tələfatına səbəb olur. Qeyd edək ki, son günlərdə ölümlə nəticələnən yanğın faciələrinin qeydə alınması təkcə cəmiyyətin deyil, dövlət qurumlarının da ciddi silkələnməli olduğunu göstərir. Bu qədər insan ölümü fonunda əsas sual isə budur: günahkar kimdir və niyə hələ də heç kim cəzalandırılmır?
Yanğından mühafizə çıxışları niyə yoxa çıxıb?
Faciələrin kökündə duran ən ciddi məsuliyyət tikinti şirkətlərinin və həmin binaları qəbul edən Fövqəladə Hallar Nazirliyinin üzərinə düşür. Çünki əvvəllər, demək olar ki, bütün binalarda yanğından mühafizə üçün ayrıca yanğın çıxışı, fövqəladə evakuasiya pilləkənləri mütləq olurdu. Dünyanın sivil ölkələrində bu gün də bu məcburi və dəyişməz normadır. Lakin bizdə yeni tikilən binaların əksəriyyətində belə çıxışlar ya yoxdur, ya da formal şəkildə göstərilir, amma faktiki mövcud deyil. Bu isə yanğın zamanı insanların yalnız bir çıxış yoluna ümid etməsi deməkdir. Həmin yol da tüstüləndikdə və ya yanğınla bağlandıqda sakinlər evakuasiya oluna bilmir, fövqəladə xidmətin hadisə yerinə gecikməsi isə faciəni qaçılmaz edir. İnsanlar evlərindən çıxa bilmədikləri üçün faciəvi şəkildə həyatlarını itirirlər.
Tikinti sektorunda nəzarət sistemi çökmüş vəziyyətdədir
Bu mənzərə açıq şəkildə göstərir ki, ölkədə tikinti sektorundakı nəzarət sistemi çökmüş vəziyyətdədir. Və bu fəlakətdən real nəticə çıxarmağın zamanı çoxdan çatıb. Tikinti şirkətləri bu boşluqları aradan qaldırmalıdır. Çünki söhbət birbaşa insan həyatından gedir. Təəssüf ki, şirkətlərin bir qismi yalnız gəlir barəsində düşünərək yanğından mühafizə çıxışına ayrılmalı sahəni də mənzilə qatıb satır. Onların “artıq yer” kimi gördüyü həmin sahənin olmaması isə sabah bir ailənin fəlakəti ilə nəticələnir. Bəli, görünən budur ki, işbazlar üçün vacib olan yalnız gəlirdi, insan həyatının isə, görünür ki, heç bir dəyəri yoxdur.

FHN-in məsuliyyəti: Kağız üzərində yox, real həyatda nəzarət
Burada məsuliyyətin daha ağır tərəfi isə dövlət qurumlarının bu səhlənkarlığa göz yummasıdır. Fövqəladə Hallar Nazirliyinə bir daha çağırış etməyə məcburuq: əgər binada yanğından mühafizə çıxışı yoxdursa, təhvil götürülməməlidir. Bu, sizin borcunuzdur. Bu, sadəcə texniki şərt deyil, insanların həyatının təminatıdır. Əgər bu tələblər kağız üzərində qalırsa, o zaman baş verən hər bir ölümün mənəvi günahı da həmin imzanın sahibinin üzərindədir.
Mütəxəssislər açıq şəkildə bildirirlər…
Evakuasiya çıxışı olmayan binada mənzil almaq ciddi həyat riski yaradır. Bu risklər təsadüfi deyil: yanğın zamanı tüstü dolan pilləkənlərdən istifadə etmək mümkünsüzləşir, fövqəladə xidmətlər mənzilə vaxtında çata bilmir, binalar arasındakı az məsafəyə görə alov sürətlə yayılır, hidrant çatışmazlığı isə söndürmə işlərini gecikdirir.
Son faciələr bir daha göstərdi, sübut etdi ki, yanğından mühafizə sistemi olmayan bina nə qədər yeni, nə qədər gözəl olsa da, insan həyatını qoruya bilmir.

Elə bunun bariz nümunələrindən biri: nümunə kimi, son bir ayda baş verən ən ağır hadisə Yasamalda qeydə alınıb. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı 3 nəfər tüstüdən boğularaq həyatını itirib, azı 20 nəfər isə zəhərlənib. Prokurorluq və FHN əməkdaşları hadisə yerində müayinə aparıb, yanğının səbəbləri üzrə ekspertizalar təyin edilib və cinayət işi başlanıb.
Bu faciədən cəmi bir neçə gün sonra – dünən “Qobu Park -1”də baş verən yanğın nəticəsində bir ailənin üç üzvü və daha bir sakin həyatını itirmişdir. İlkin araşdırmalar yanğının mənzildə başlayan tüstülənmə səbəbindən bütün mərtəbəni bürüdüyünü göstərir. Bu hadisələr bir daha sübut edir ki, yanğından mühafizə çıxışlarının olmaması, sıx və nəzarətsiz tikinti, fövqəladə evakuasiya imkanlarının yoxluğu insan həyatını təhlükəyə atır.
Yasamal, Xırdalan: fəlakət üçün münbit şərait
Bəli, Yasamalda ötən gün baş verən yanğın bir daha göstərdi ki, vəziyyət son dərəcə ciddidir və yeni faciələrin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Buradakı mənzərə elə təəssürat yaradır ki, sanki binalar dar bir əraziyə pərçimlənib. Tikinti şirkətləri, sanki “kim daha çox bina tikəcək” yarışına girib. Nəticədə şəhər mənzərəsi sıx, darısqal və nizamsız şəkildə formalaşıb.

Bu qədər sıx tikinti olan ərazidə ən azı fövqəladə evakuasiya pilləkənlərinin, yanğın çıxışının təmin olunması mütləqdir. Çünki belə yerlərdə yanğın baş verdikdə Fövqəladə Hallar xidmətinin nə texnikası, nə də əməkdaşları əraziyə rahat daxil ola bilir. Buna görə də, tikinti şirkətləri real riskləri nəzərə alaraq binaları mütləq şəkildə fövqəladə çıxışlarla təchiz etməlidir.
Bundan əvvəl “Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı yazımda da qeyd etmişdim: xüsusilə Yasamal, Xırdalan kimi dar və yanğın riskinin yüksək olduğu ərazilərdə mütləq şəkildə yol kənarındakı qırmızı yanğın hidrantları quraşdırılmalıdır. Çünki belə ərazilərdə yanğınlar daha tez-tez baş verir və operativ söndürmə üçün ən vacib infrastruktur məhz budur.
Laqeydlik bir ailəni məhv edir
Burada məsələ çox sadədir: insan həyatını düşünmək lazımdır. Aidiyyəti qurumlara bir daha səslənirik, insan həyatına biganə yanaşmaq olmaz. Bu gün faciə yaşayan ailə sabah sizin yaxınlarınız ola bilər. Niyə bu qədər laqeydlik göstərilir? Niyə insan həyatı bu qədər ucuz hesab olunur?

Laqeydsizlik bir ailəni məhv edir. Bu işin konkret günahkarları var və təəssüf ki, çox zaman cəzasız qalırlar. Halbuki məsuliyyət daşıyan şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki burada söhbət təsadüfi bir xətadan getmir; söhbət birbaşa insan həyatını məhv edən sistemli səhlənkarlıqdan, düşünülməmiş qərarlardan və bəzən də bilərəkdən göstərilən biganəlikdən gedir.
Günahkarlara cəza olmalıdır. Və bu cəza yalnız hüquqi deyil — ictimai, mənəvi və peşəkar olmalıdır. Cəza qaçılmazdır. Əks halda, növbəti yanğın an məsələsidir. Gələcək qurban isə hamımızdan biri ola bilər.
Günahkarlara cəza verilməlidir!
Elşad FƏRMANOĞLU