Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkiyan İrəvanda keçirdikləri görüş zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə razılığa gəliblər. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Paşinyan İran prezidentilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq münasibətlərin yeni mərhələyə keçidi üçün zəruri addımların atılmasının vaxtı çatıb. Tərəflər arasında danışıqlar təxminən bir saat yarım davam edib. Görüşün sonunda bir sıra əməkdaşlıq sənədləri və memorandumlardan ibarət paket imzalanıb. Paşinyan çıxışı zamanı İran prezidentinin səfərinin iki ölkə arasında dostluq münasibətlərinə yeni impuls verəcəyinə ümid etdiyini bildirib. O, həmçinin Ermənistan və İran arasında sərhəddə ikinci körpünün tikintisi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb: “Ermənistan İranla strateji münasibətlərə böyük önəm verir. Əminəm ki, hökumətlərimizin fəal səyləri nəticəsində yeni birgə layihələri reallaşdırmaq mümkün olacaq,” – deyə Paşinyan vurğulayıb. Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Cənubi Qafqaz üzrə 3+3 regional formatını dəstəkləməyə hazır olduqlarını bəyan edib. Nikol Paşinyan İran tərəfini əmin edib ki, Amerika hərbçiləri sərhəddə görünməyəcək. Öz növbəsində, İran prezidenti Məsud Pezeşkiyan ölkəsinin Ermənistanla bütün sahələrdə – xüsusilə iqtisadiyyat sahəsində – əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib: “İran Ermənistanla münasibətləri strateji səviyyəyə yüksəltməyə çalışır. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur,” – deyə Pezeşkiyan qeyd edib. Pezeşkiyan həmçinin vurğulayıb ki, İran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir: “Biz bölgədə sərhədlərin dəyişdirilməsinə qarşıyıq, çünki bu, geosiyasi qarşıdurmaların yaranmasına səbəb ola bilər. İran həmişə Ermənistanın ərazi bütövlüyünü müdafiə edib və regionda güc tətbiqinə qarşı çıxır,” – deyə İran prezidenti bildirib. O əlavə edib ki, Cənubi Qafqazda mövcud problemlər region ölkələrinin iştirakı ilə həll olunmalıdır və qeyri-regional güclərin müdaxiləsi vəziyyəti daha da çətinləşdirə bilər.

