Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı Ukraynadakı münaqişənin eskalasiyası istiqamətində mühüm addım olub.
Tezadlar.az xəbər verir ki, bu barədə Hindistanın “The Week” nəşri məlumat yayıb.
““Truth Social” səhifəsində söhbəti “çox yaxşı və məhsuldar” adlandıran Tramp tam atəşkəs və müharibənin sona çatması istiqamətində irəliləyişin davam edəcəyinə dair nikbinliyini ifadə edib”, – nəşr yazır.
Nəşr vurğulayır ki, Ağ Ev Putin və Tramp arasında aparılan danışıqların nəticələrindən razıdır. İki ölkə liderləri 90 dəqiqəlik söhbət zamanı Rusiyanın enerji və infrastruktur sahələrində atəşkəslə başlayacağı barədə razılığa gəliblər. “The Week” yazır ki, Qara dənizdə atəşkəs, daha sonra isə atəşin tam dayandırılması və daimi sülhün əldə edilməsi ilə bağlı danışıqlar da planlaşdırılır.
Qeyd edək ki, Putinlə Tramp arasında telefon danışığı martın 18-də baş tutub. Bu söhbətin yekunlarına görə Kreml bildirib ki, Rusiya Federasiyası və ABŞ prezidentləri digər məsələlərlə yanaşı, ölkələr arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi məsələsini də müzakirə ediblər. Hər iki lider dünyada sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə ikitərəfli münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildiriblər.
Putin və Tramp həmçinin Ukrayna münaqişəsinin həlli üçün ekspert qruplarının yaradılması barədə razılığa gəliblər. Söhbət Amerika və Rusiya qruplarından gedir.
Putinlə telefon danışığından sonra Ağ Ev rəhbəri Rusiya prezidentinin Ukraynadakı silahlı münaqişəyə son qoymaqda maraqlı olduğunu bildirib. O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski də eyni məqsədi güdür.
ELBAR