17 May 2026 / 09:27

Putinin Dnestryanı ilə bağlı qərarı! Rusiya vətəndaşlığı sadələşdirilib

Rusiya prezidenti Vladimir Putin Moldovadan ayrılan Dnestryanı bölgəsinin sakinlərinə Rusiya vətəndaşlığının verilməsi prosesini sadələşdirən fərman imzalayıb.

Tezadlar.az xəbər verir ki, Rusiya Dövlət Hüquqi Məlumat Sistemində dərc olunan fərmana əsasən, Dnestryanıda daimi yaşayan və 18 yaşdan yuxarı xarici vətəndaşlar artıq sadələşdirilmiş proses vasitəsilə Rusiya vətəndaşlığına müraciət etmək hüququna malikdirlər. Qərar insan hüquq və azadlıqlarının qorunması üçün beynəlxalq hüquqa uyğun olaraq qəbul edilib.

MOLDOVADAN SƏRT REAKSİYA

Moldova prezidenti Maya Sandu Estoniyanın paytaxtı Tallində verdiyi açıqlamada Putinin qərarına sərt reaksiya verib. Sandu “Putin Moldovanı qorxutmağa çalışır” deyib və davam edib:

“Ukraynada müharibə başladıqdan sonra bölgənin bir çox sakini özlərini təhlükəsiz hiss etmək üçün Moldova vətəndaşlığını aldı.”

TRANSDUNISTRAN PROBLEMİ

Moldova 1991-ci ildə Sovet İttifaqından müstəqillik elan etdikdən sonra, Dnestryanı bölgəsi Rusiyanın dəstəyi ilə birtərəfli şəkildə müstəqillik elan edib. Bu müstəqillik elanından sonra silahlı münaqişələr başlayıb və 1992-ci ildə atəşkəslə başa çatıb, lakin döyüşlərdə 1000-dən çox insan həyatını itirib.

Region Birləşmiş Millətlər Təşkilatının heç bir üzv dövləti tərəfindən tanınmır. Dnestryanının öz parlamenti, ordusu, polisi və poçt sistemi var. Rusiya regionda “sülhməramlı qüvvələr” adı altında hərbi bölmələr saxlayır və hər il milyonlarla dollar maliyyə dəstəyi verir. Bölgədə həmçinin Sovet dövründən qalan ən böyük Rusiya arsenallarından biri də yerləşir.

Moldova və Dnestryanı arasında danışıqlar ATƏT-in rəhbərlik etdiyi 5+2 formatı çərçivəsində davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!