Donald Tramp Venesuela ilə bütün diplomatik əlaqələri dayandırmağı əmr edib.
“The New York Times” mənbələrə istinadən yazır ki, ABŞ prezidenti narkotik kartellərinə və ya Nikolas Maduro hökumətinə qarşı potensial hərbi əməliyyatların genişlənməsinə yol açaraq, Venesuela ilə diplomatik razılaşma əldə etmək üçün bütün səyləri dayandırıb.
Tezadlar.az xəbər verir ki, daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Riçard Qrenell Venesuela prezidenti və digər Venesuela hökumət rəsmiləri ilə danışıqlara rəhbərlik edib. Lakin ötən həftə ABŞ prezidenti ona zəng edərək bütün diplomatik əlaqələri, o cümlədən Nikolas Maduro ilə danışıqları dayandırmağı tələb edib.
Məqalədə qeyd edilir ki, Tramp Maduronun ABŞ-ın hakimiyyətdən könüllü olaraq imtina tələbini yerinə yetirmək istəməməsindən və Venesuela rəsmilərinin narkotik ticarətində iştirakını inkar etməyə davam etməsindən məyus olub.
ABŞ rəsmiləri bildiriblər ki, administrasiya Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün əməliyyatlar da daxil olmaqla, hərbi eskalasiya üçün bir neçə plan hazırlayıb.
Nikolas Maduro özü bəyan edib ki, ABŞ-ın məqsədi “marionet hökumət yaratmaq” və Venesuelanın təbii sərvətlərini ələ keçirmək üçün onu devirməkdir.
Xatırladaq ki, sentyabrın əvvəlində ABŞ lideri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəni əsas gətirərək Cənubi Karib hövzəsinə səkkiz hərbi gəmi göndərib.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın hərəkətlərini “düşmən mühasirəsi” adlandırıb və BMT-yə “ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunmasında yardım” üçün müraciət edib.
Buna cavab olaraq Ağ Ev rəhbəri bəyan edib ki, ABŞ qüvvələri Karib dənizində narkotik daşıyan Venesuela gəmisini batırıb.
JASMİN

