Tbilisidə ötən gün qətlə yetirilən şəxs “qanuni oğru” Merab Suxumskinin qardaşı Levan Canqveladzedir. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalının saytı məlumat yayıb. Bildirilib ki, 60 yaşlı Canqveladze ötən axşam Çavçavadze küçəsində səkidə gedərkən qətlə yetirilib. Qatil onu restoranın yaxınlığında bir müddət gözləyib, sonra isə atəş açaraq hadisə yerindən qaçıb. Suxumskinin qardaşına ümumilikdə 9 güllə sıxılıb. Şahidlərin sözlərinə görə, güllələrdən bəziləri yaxınlıqdakı kafenin şüşələrini qırıb. Məlumata görə, Canqveladze tanışının dəfnində iştirak etmək üçün xaricdən gəlib və şəhərdə mühafizəçilərin müşayiəti ilə hərəkət edirmiş. Versiyalardan birinə əsasən, qətl Canqveladze ilə Şakro Molodoy arasındakı münaqişə ilə bağlıdır.
Kanal qeyd edir ki, Levan Canqveladze qardaşı Merab Suxumskinin bütün kriminal müharibələrində iştirak edib, həmçinin onun işlərini, o cümlədən qanuni biznesini idarə edib. Onun adı Yaponçik və Ded Xasan qətlləri ilə əlaqələndirilirdi.