7 İyun 2026 / 21:02

Qarabağda turizm institutu formalaşmalıdır ki…

…Birbaşa mətləbə keçirəm: işgüzar səfərimiz bu dəfə işğaldan, daha doğrusu, erməni sifətindən azad edilmiş Qarabağ bölgəsinə- Ağdam-Əsgəran- Xocalı- Xankəndi- Şuşa- Laçın marşurutu üzrə oldu. Bölgəyə insan nəfəsi gəlib, 35 il əvvəl gördüyüm Ağdam deyil, heç o vaxtkı Şuşa və Xankəndi, Laçın da deyil… İndi bu bölgədə təbiət adamın üzünə gülür, bulaqlar daha gur çağlayır, quşlar dilə gəlib, nəğmə oxuyur, Tanrı iki gündür göydən bərəkət, nur yağdırır…

Bunlar öz yerində. Xüsusi olaraq deyim ki, bu ərazilərdə tikinti və quruculuq işləri ən yüksək səviyyədə davam edir, insanlar- keçmiş köçkünlər yurd- yuvalarına qayıdır…

Xankəndidə Həsən kişi ilə təsadüfən qarşılaşdıq, salamlaşdıq, qayıdışını bir cümlədə ifadə etdi: “Mərdəkanda bağ evim var, köçkünlükdən sonra torpaq alıb tikmişəm… Hər il bir qartal bağımdakı palıd ağacına dadanmışdı, qışda gedər, yayda qayıdardı, amma 6 ildi yoxa çıxıb… Yüz faiz əminəm ki, o gördüyün dağlara uçub getdi… Ona bənzər qartalı Şuşa tərəfdə görmüşdüm…”.

Bəli, təbiət də geri qayıdır… Qarabağın o əraziləri sözün böyük mənasında Azərbaycanlaşır!

xxx

Demək istədiklərim çoxdur, ətraflı yazacağam… Hələlik iki vacib məsələni Azərbaycan Turizm Agentliyi rəhbərliyinin diqqətinə çatdırıram: 

1.Qarabağın bu bölgəsində yerli və xarici turistlərin axını üçün iaşə xidmətindəki qiymətlərə mütləq nəzarət edin. Konkret deyim ki, 4 nəfərlik qonaqla adi süfrə (şam yeməyi) bizə 130 manata başa gəldi… Restoranın adını yazmıram, anti-reklam olacaq, amma bir də yəqinki o restorana getmərik! Digər turistlər də elə. Belə çıxır ki, məsələn, Şuşada səhər, günorta və axşam nahar etsən və üstünə bir gecəlik yatağı- 100 manatı əlavə etsən, günə ən azı 400 manat xərcləməliyik… On gün qalası olsaq(tutaq ki, 4 nəfərlik ailədir), 4 min manat! O pula Gürcüstanda üç ay yeyib- içmək olar! Bax buna görə də yollar açılsa, yerli turizmimiz başını itirəcək, hamı Gürcüstana axacaq!

2. Otellər çox bahadır! Adi 2-3 ulduzlu sayılan otellərdə bir gecəlik 1 otaq 80-100 manatdır! Bu qiymət Xanın kəndində belədir! Deməli, Şuşada lap bahadır! Laçında isə…

Təklifim: Xankəndidə çoxsaylı uyğunlaşdırılmış təmirli beşmərtəbəli binalar var. Hamısı boş saxlanılır… Səbəbini bilənlər bilir. Amma mənim bildiyim odur ki, həmin mənzilləri turistlərimizə orta və daha ucuz qiymətə təklif etsələr, həm şəhərin büdcəsi qazanar, həm xidmət sahəsindı çalışanların məşğulluğu(camaşırxana və təmizlik işçiləri) təmin edilər, həm də ən vacibi- turistlərimizin- Qarabağ həsrətli əhalimizin gözü Gürcüstan yollarından yığılar…

Daha ətraflı bəhs edəcəyəm…

Asif MƏRZİLİ

P.S.Amma Xankəndidə “Şəfəq” Oteli panoramasına və xidmət keyfiyyəti ilə qiymətlərinə görə olduqca sərfəlidir! Növbəti səfərimizdə (səfərinizdə) bu oteli seçməyiniz məsləhətdir. Hərtərəfli zövq oxşayan məkandır…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!