…Qarabağın paytaxtı – Şuşa! Canımız Şuşa şəhəri…
Bu torpaqda şəhidlərimizin müqəddəs ruhu dolaşır. Bu şəhər xalqımızın qan bahası, Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə işğaldan azad edilərək tariximizin qızıl hərfləri ilə yenidən yazıldı. Son vaxtlar Şuşa şəhərini ziyarət edən bəzi şəxslərin tarixi divarlara, təbii qayalara və abidələrin üzərinə müxtəlif yazılar yazması, adlarını və şüarlarını həkk etməsi çox təəssüf doğurur. Bu, sadəcə şəhərin gözəlliyinə xələl gətirmək deyil. Bu cür davranış tarixi irsimizə, şəhidlərimizin ruhuna və milli dəyərlərimizə böyük hörmətsizlikdir. Şuşa adi bir şəhər deyil. Şuşa Azərbaycan tarixinin, mədəniyyətinin və milli yaddaşımızın canlı salnaməsidir.
Burada hər daşın, hər qayalığın, hər abidənin öz tarixi var. Molla Pənah Vaqifin irsi, Xurşidbanu Natəvanın xatirəsi, Üzeyir Hacıbəylinin, Bülbülün və digər böyük sənətkarlarımızın adı ilə bağlı məkanlar, tarixi məqbərələr, abidələr və muzeylər bizim milli sərvətimizdir. Vətəndaş cəmiyyəti olaraq hər birimiz bu məsələyə biganə qalmamalıyıq. Tarixi irsimizə kölgə salan belə halların qarşısının alınması üçün ictimaiyyət olaraq daha həssas və məsuliyyətli olmalıyıq. Şuşanı qorumaq yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur.
Gəlin Şuşanı göz bəbəyimiz kimi qoruyaq, onun tarixi simasını və müqəddəsliyini gələcək nəsillərə olduğu kimi çatdıraq. Çünki Şuşa bizim tariximizdir, qürurumuzdur,Qarabağın tacıdır! Şuşaya yazı yazmaq yox, Şuşanın tarixini yazmaq və yaşatmaq bizə yaraşır.
Qarabağ Azərbaycandır!
Şuşa Azərbaycandır!
Səriyyə Cəfərova,
“Erməni Təcavüzün Tanıdılması” İctimai Birliyin Sədri







