İsayas qasırğasından təsirlənən ABŞ-nin cənub ştatlarında iki nəfər həyatını itirib, 800.000-dən çox insan elektriksiz qalıb.
Tezadlar.az-ın məlumatına görə, meteoroloqlar bildiriblər ki, dünən gecə saatda təxminən 170 kilometr sürətlə Florida ştatının Destin şəhəri yaxınlığında sahilə çıxan qasırğa 2-ci kateqoriyalı fırtınaya çevrilib, daha sonra Alabama istiqamətində hərəkət edərkən sürətini daha da itirərək posttropik siklona çevrilib.
Yerli hakimiyyət orqanları bildirib ki, İsayas səbəbindən Corciya ştatında yaşayanlar da daxil olmaqla 800.000-dən çox insan elektriksiz qalıb.
Cefferson Şəhər Təcili Yardım Agentliyi Alabama ştatının Birminhem şəhərində bir evin üzərinə ağacın aşması nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib. Oxşar ölüm hadisəsi Florida ştatının Eskambiya şəhərində də təsdiqlənib.
Təsirə məruz qalan ştatlardakı meteoroloqlar tornado, güclü külək və güclü yağış barədə xəbərdarlıq ediblər, bəzi ərazilərdə yağışın 38 santimetrə çatacağı gözlənilir.
Yerli hakimiyyət orqanları daşqın və tornado ehtimalını əsas gətirərək sakinlərə ehtiyat tədbirləri görmələri barədə xəbərdarlıq edib.
Bu, təxminən iki il əvvəl, 2024-cü ilin oktyabrında baş verən Milton qasırğasından bəri ABŞ-da ilk dəfə qasırğanın sahilə çıxmasıdır.
ELBAR







