Bu fotonu 10 gün əvvəl Milan-Sürix qatarında çəkmişəm… Ölkəmizdə çap mediasının qalmasının tərəfdarı olanlardan soruşsaq ki, sonuncu dəfə nə vaxt qəzet almısan, yaxud oxumusan, xatırlaya bilməzlər.
Mən jurnalistikaya qəzetdən gəlmişəm. Valideynlərim jurnalistdir. Atam çox məşhur qəzetlərdə işləyib. Obrazlı desəm, evimizdə tonlarla qəzet kəsilib. Belə böyümüşük biz – qəzet qoxusunda, “podşivka”ların içində. Tələbə vaxtı yol puluna qəzet alırdım. Düşəcəyimiz metrostansiyasına qədər tanımadığımız adamlarla qəzet mübadiləsi edirdik. Jurnalistikaya QuarkXpress proqramında dizayner işləyərək gəlmişəm. Bu gün qəzet oxuyurammı? – Yox!
Təəssüf? Yox! Zamanın udub, həzm-rabedən rahat keçirdiyi şeylərdən biri də qəzetdir.
30 il əvvəl orta ölçülü kitab boyda musiqi pleyerləri vardı. Onu qulağımıza taxıb forslanırdıq. İndi onu üstümüzdə daşıyıb, onda musiqi dinləyib forslanmağın nə adı var?
Heç nə! Yalnız filmlərdə rekvizit kimi lazım ola bilər.
Qəzeti bircə yolla saxlamaq olar. Təhlil yazılarını, ciddi araşdırmaları həftədə bir dəfə çap etməklə. Axır səhifələrində də krossvord, yaxud kriptoqram. Özü də uduşlu!
Əgər dərin təhlil yazıları olmayacaqsa, bax bu isveçrəli yaşlı cütlüklər kimi iştaha ilə qəzet oxuyanlar da olmayacaq. Bunun üçün də əvvəl yaxşı analitik təfəkkürlü komanda yığmaq lazımdır, sonra mütərəqqi bir qəzet çıxarmaq…
Lazımdırmı? Yox!
İndi hər şey o qədər dinamikdir ki, elm də, siyasət də 2 saat əvvəl gəlinən nəticəni və qənaəti darmadağın edən açıqlamalar verir. Belə lokal informasiya mənbəyi kimə lazımdır?
Bəlkə ədəbiyyat qəzetləri, yaxud serial yazıları maraqlı ola bilər.
Yaza-yaza hiss edirəm ki, qəzetin vacib olmasını əsaslandırmaq çox çətindir.
Yarımbaşlıq amanatı!
Orxan MƏMMƏDLİ
(Surix)