21 Avqust 2026 / 08:52

“Qızlarımın əxlaqı pozulmasın deyə onları ac saxlayıram”

…Mağazada eşitdiyim söhbət təəccüb və təəssüf hissini mənə eyni vaxtda yaşatdı. Bir xanıma kömək məqsədilə bazarlıq edib verdim, bunu görən satıcı xanım mənə dedi ki, “Bir qadın var, onun da yardıma ehtiyacı var”.
Kimliyi ilə bağlı maraqlandım. Məlum oldu ki, qadının əri Rusiyaya işləməyə gedib, orada tutulub və müharibəyə göndərilib. Qadının üçüncü və dördüncü sinifdə oxuyan iki qızı var. Əri gedəndən sonra hicab taxıb, namaz qılmağa başlayıb. Deyir ki, “ərsiz olduğuma görə istəmirəm kənardan mənim haqqımda pis düşünsünlər, görsünlər ki, hicablıyam”.
Yəni belə anladım ki, hicabı məhz ona pis gözlə baxmasınlar deyə taxıb, yəni Allaha görə yox…
Kafedə işləyirmiş. Orada bəzən müştərilər də ona 2-3 manat verib kömək edirmiş.
İşə gedərkən qızlara baxacaq qadın qohumu var, amma onun da evdə əri var deyə deyib ki, kişi olan yerə qızlarımı əmanət edə bilmərəm.
Evdən çıxanda qapını bərk-bərk bağlayırmış ki, qızlar çölə çıxmasın. Amma necə olubsa bir gün qızlardan biri evdən çıxıb və qonşunun balaca oğlunun verdiyi siqareti götürüb. Ana bunu bilən kimi o qədər əsəbləşib ki, kafedən işdən çıxıb və uşaqlara deyib ki, əxlaq yeməkdən önəmlidir. Siz ki, sözümə qulaq asmayıb çölə çıxmısınız, daha heç hara getməyəcəm. Sizi qorumalıyam. Sizin əxlaqınız hər şeydən önəmlidir…
Nəticədə iki balaca uşaq ac qalır. Mağazadakı xanım deyir ki, arada onlara yavan çörək verirəm, bölüb yeyiblər. Məktəb formalarını da əvvəl hansısa yardım təşkilatı verirmiş, indi artıq “özünüz almalısınız” deyiblər. Buna görə bu il məktəbə getmələri də sual altına düşüb.
Qadın baxıb ki, ac qalmaqla iş bitmir, həm də kirayə ödənməlidir, indi deyib ki, yenidən kafeyə qayıdıb yalvarım görüm məni işə götürürlər?!
Məni təəssüfləndirən ananın cahil düşüncə tərzidir.
Bir ana uşaqlarını “pislikdən qorumaq” istəyərkən onları aclıqla üz-üzə qoymamalıdır. Uşağı qorumaq onu dünyadan təcrid etmək deyil. Ona doğru ilə yanlışı öyrədib, yanında dayanmaqdır.
Əxlaq insanın başındakı örtüdən əvvəl, ürəyində və davranışındadır.
İnsan bəzən “əxlaq” sözünü o qədər dar çərçivəyə salır ki, həyatın ən vacib məsuliyyətlərini görmür.
Hicab, namaz, geyim — bunlar insanın Allah üçün seçimidir. “Kim nə deyər” üçün seçilməməlidir.
Belə dardüşüncəli anaların himayəsində olan uşaqlara üzülürəm.
Aynur QURBANQIZI
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!