9 Oktyabr 2025 / 06:36

Qutsul şikayətinə baxıldığı məhkəmə iclaslarında iştirak etməyib

Prosesdə iştirak edən Fransa və İspaniyadan olan hüquqşünaslar bu təcrübənin düzgün olmadığını bildiriblər

Apellyasiya Palatası Moldovanın Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 7 illik həbs cəzasına etiraz edən dinləmələrdə iştirak etmək hüququndan məhrum edib.

“Müdafiə tərəfinin Apellyasiya Palatasında keçirilən iclasda müttəhimlər Yevgeniya Qutsul və Svetlana Popanın iştirakı ilə bağlı vəsatətləri əsassız olduğundan rədd edilir”, – Tezadlar.az bildirir ki, xarici mətbuatın məhkəmə zalından verdiyi məlumata görə, hakim Vitali Budeç hökmü oxuyub.

Prosesdə iştirak edən Fransa və İspaniyadan olan hüquqşünaslar bu təcrübənin düzgün olmadığını bildiriblər. “Müttəhim məhkəmədə vəkili ilə birlikdə olmalıdır” deyə əvvəllər Kataloniyanın keçmiş baş naziri Karles Puçdemonu müdafiə edən vəkil Qonzalo Boye şərh edib. Qutsul prosesi videobağlantı vasitəsilə izləyib. Onun danışmaq hüququ var idi, lakin gecikmiş tərcüməni dinlədiyi üçün prosesdə tam iştirak edə bilməyib. Onun vəkillərinə də yekun hökm çıxarılana qədər Qutsulu azadlığa buraxmaqdan imtina edilib, ona qarşı irəli sürülən ittihamların maliyyə təhlilinin aparılması və müdafiə şahidlərinin dindirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Avqustun 5-də Moldova məhkəməsi Qutsulu müxalif “Şor” partiyasının maliyyələşdirilməsi ilə bağlı qanun pozuntularına görə 7 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin siyasətçini siyasi partiya üzvlüyündən 5 il müddətinə diskvalifikasiya edib və onu 2,4 milyon dollar ödəməyə məcbur edib, müstəntiqlərin fikrincə, bu pul partiyanı maliyyələşdirmək üçün istifadə olunub. Qutsul bütün ittihamları qəti şəkildə rədd edərək, məhkəmənin arxasında Moldova parlamentinə və hökumətinə nəzarət edən Fəaliyyət və Həmrəylik Partiyasının dayandığını iddia edib. Onun vəkilləri məhkəmənin hakimini Qutsula qarşı qərəzli olmaqda ittiham edib və hökmdən Kişinyov Apellyasiya Məhkəməsinə şikayət veriblər.

İki gün sonra Qaqauziyanın Xalq Məclisi (parlamenti) və İcraiyyə Komitəsi birgə qətnamə qəbul edərək, Moldova hüquq-mühafizə orqanları tərəfindən Qutsulu təqib etməyi “regionun həqiqi muxtariyyətini ləğv etmək və əhalisinin iradəsini boğmaq” cəhdi adlandırıb.

Qutsulun Moldova rəhbərliyi ilə münasibətləri 2023-cü ildə muxtar vilayətdə keçirilən seçkilərdəki qələbəsindən və regionun Rusiya ilə dostluq əlaqələrini gücləndirmək niyyətini bəyan etməsindən, eləcə də Kişinyovun Moskva ilə qarşıdurma siyasətini tənqid etməsindən sonra pisləşib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!