TƏBİB rəhbərliyində yeni təyinatlar olub.
Muxtarzadə Ramil Səfər oğlu TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.
R.Muxtarzadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Bakı Dövlət Universitetində eyni ixtisas üzrə magistr dərəcəsi alıb və bu mərhələni də fərqlənmə ilə tamamlayıb. Bununla yanaşı, İsveçdə yerləşən Kral Texnologiya İnstitutunda biznesin inkişafı və davamlılığı sahəsində mini-MBA proqramını uğurla keçib.
1998-2008-ci illərdə “Nielsen Company”nin Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərib. 2008-2013-cü illərdə “Azercell Telecom”da biznes təhlili üzrə ekspert kimi, 2010-2013-cü illərdə “TeliaSonera” Avrasiya Analitik Komandasının və Beynəlxalq Mobil Qrupunun üzvü olub.
2014-2015-ci illərdə “Avirtel” şirkətinin kommersiya direktoru, 2016-cı ildə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 2017-2023-cü illərdə xaricdə özəl biznes sahəsində fəaliyyətini davam etdirərək, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib.
Onun adı 2005-ci ildə Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən “XXI əsr Azərbaycan ziyalıları” ensiklopediyasında yer alıb.