26 Fevral 2026 / 09:47

RAMİZ MEHDİYEVİN ADAMLARI İŞ BAŞINDADIR?!

(“Qısa qeydlər” silsiləsindən)
Dostlar sizi bilmirəm, mə Ramiz Mehdiyev işini heyrətlə izləyirəm. Məni heyrətə gətirən Ramiz Mehdiyevin evindən çıxan yüzlərlə milyonu, vəzifədən çıxardılan onlarla qohumu deyil. İndi azərbaycanda hansı naziri, icra başçısını tərpədirlər, altından milyardlar çıxır. Bunları nə qədər tuturlar, həbs edirlər, var-yoxlarını müsadirə edirlər, xeyri yoxdur. Azərbaycanda artıq belə şeylər adiləşib, camaat da öyrəşib. Məni dəhşətə gətirən ayrı şeydir…
Ramiz Mehdiyev 20 ildən çox Azərbaycanda idarəçilik sisteminin, kadr siyasətinin başında duran adam olub. İndi məlum olur ki, o, de-fakto Rusiyanın 5-ci kalonuna rəhbərlik edib və de-yure Azərbaycanda Rusiyanın kadr siyasətini həyata keçirib. Bəli, bəli, Ramiz Mehdiyevin vasitəsi ilə Rusiya Azərbaycana nəzarət edib. Bu adamı yalnız Rusiya Ukrayna müharibəsində zəiflədikdən, Vladimir Putin dünya siyasətindən təcrid edildikdən sonra neytrallaşdırmaq mümkün olub. Onun mərkəzi və yerli hakimiyyətlərə rəhbər vəzifələrə təyin etdiyi yüzlərlə kadrın əksəri bu və digər dərəcədə Rusiyaya xidmət edən, deməli, Vətənə xəyanət edən şəxslərdir. İndi dövlət orqanlarının bu adamlardan təmizlənməsi prosesi gedir və düşünürəm ki, bizim mətbuat da bu prosesdə iştirak etməlidir.
Məlum olduğu kimi, Ramiz Mehdiyev Azərbaycanda mətbuatı Əli Həsənovun vasitəsi ilə idarə edirdi, onun əli ilə “plintusdan aşağı” səviyyəyə salmışdı. Əli Həsənov peşəkarların bir hissəsini mətbuat rəhbərliyindən uzaqlaşdırmış, bir hissəsini özündən asılı vəziyyətə salmış, boşalan yerlərə də öz qohumlarını, dostlarını yerləşdirmişdi. Bu adamların bəzisi işdən qovulub, bir-ikisi hətta həbs olunub. Amma Ramiz Mehdiyevin və Əli Həsənovun ən yaxın adamları hazırda mətbuatda iş başındadırlar, rəhbər vəzifələri tuturlar. Hamı tanıyır, odur ki, ad çəkmək istəmirəm…
Və son olaraq. Hazırda Ramiz Mehdiyevin radikal müxalifətlə əlaqələri, de-fakto onları idarə etməsi aşkar olunur, onun müxalifətdəki emisarları həbs olunur. Belə bir həssas məqamda onun mətbuatdakı emisarlarının vəzifə başında qalması, dövlət və cəmiyyət üçün potensial təhlükə mənbəyi deyilmi?!
Qalib ARİF
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!