Rusiya İranın nüvə sazişi üzrə vasitəçilik etməyə hazırdır

Oxunma sayı: 92

Rusiya İranla nüvə sazişi də daxil olmaqla müxtəlif mövzularda məsləhətləşmələr aparır.

Tezadlar.az bildirir ki, bu barədə aprelin 7-də jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya bu problemin siyasi və diplomatik yollarla həllini asanlaşdırmaq üçün hər cür səy göstərməyə, mümkün olan hər şeyi etməyə hazırdır”, – deyə Kremlin rəsmi nümayəndəsi İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətdə Rusiya Federasiyasının mümkün vasitəçiliyindən danışıb.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la hələ danışıqların bir raundu keçirməyib. O qeyd edib ki, Tehran Amerika tərəfi ilə danışıqlara hazırdır, ancaq vasitəçilər vasitəsilə.

Martın 19-da ABŞ prezidenti Donald Tramp İrana yeni nüvə razılaşmasına nail olmaq üçün son tarix qoyub. İslam Respublikasına cəmi iki ay vaxt verib. ABŞ prezidenti İranın ali dini lideri Əli Xamneyiyə müvafiq məktub göndərib. Belə ki, Tramp xəbərdarlıq edib ki, İran onun təklifini rədd edərsə, ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə zərbə endirmə ehtimalı kəskin şəkildə artacaq.

Martın 23-də Əraqçi deyib ki, İran Xarici İşlər Nazirliyi “bəzi şeylər” dəyişməyincə ABŞ-la danışıqları qeyri-mümkün hesab edir. Onun sözlərinə görə, Vaşinqton öz siyasətini Tehranın “nüvə vəziyyətinin” son 10 ildə xeyli yaxşılaşdığını nəzərə alaraq korrektə etməlidir.

ELBAR

Xəbəri paylaş

23 May