…Xamneyinin bir neçə saata aradan götürülməsindən sonra bir daha bu sual ortaya çıxır. Əgər Rusiyanın hava hücumundan müdafiə sistemləri, ən müasir qırıcılar kimi təqdim edilən qırıcıları, başqa silahları hətta bir ölkənin ən yüksək rəhbərliyində duran liderini, müdafiə nazirini, baş qərargah rəisini və başqa yüksək rütbəli ordu, hökumət rəhbərlərini qoruya bilmirsə, heç ölkəsini demirəm, nədən kasıb vəziyyətdə yaşayan xalqların pullarını Rusiyaya verib bu yararsız silahları alırlar? Yoxsa Rusiya qarşısında hansısa öhdəlik var?
Fikir verirsinizsə İrana neçənci hücumdur və bu silahlarla ABŞ-ın, İsrailin bir dənə də olsun nə təyyarəsini, nə də raketini vura bilmədilər. Elə bil bu ölkənin nə radarı var, nə də hava hücumundan müdafiə sistemləri.
ABŞ, İsrail və başqa inkişaf etmiş dövlətlər bu silahları dualarla, belinə zəncir vurmaqla əldə etməyib. Bu inkişafın əsasını ölkədə keçirilən azad seçkilər qoyub. Bir ölkədə seçkilərlə xalq istədiyi şəxsi, partiyanı hakimiyyətə gətirirsə, ölkədə azad iqtisadiyyat da olur, azad məhkəmələr olur, elm adamlarına böyük imkanlar yaranır, insanlar rahat şəkildə biznesini qura bilir, işlədiyi işində normal maaş alır, pensiya alır, həyat səviyyəsi yüksəlir.
Yoxsa bir nəfərin ətəyindən yapış ki, əbədi liderimizdir, və yaxud da özünü əbədi elan edənlərə boyun əy, bir tikə çörəyimi qazanıram de, buna da şükür de, sənin də normal insan kimi yaşamağını istəyənlərə hər cür təhqir yağdır və ya laqeyd yanaş, sonra ölkən bu günə düşəndə şaxsey-vaxsey elə. Bütün qeyri azad, avtoritar rejimlərlə idarə olunan dövlətlərin, xalqların, hakimiyətlərin bu və ya digər formada aqibətləri eynidir. Ən yaxşı halda hakimiyyətə zərbə dəyən kimi xalq bayram edir. Hətta bu zərbə düşməndən olsa belə.
Bunu da yazım sonra xatırlayarsınız. Ola bilsin yaxın vaxtlarda olmasın, amma çox da uzaqda olmayan tarixlərdə İranda bilirsiniz nə baş verəcək. İllərdir İranda at oynadan din xadimlərinə, rejimin qulluqçularına qarşı kütləvi şəkildə divan tutulacaq və bunun qarşısını heç bir qüvvə ala bilməyəcək.
Fərəc Kərimli
Tezadlar.az- dan: məndə şübhə var ki, Rusiyanın nüvə başlıqları da Səddamın raketlərinin bir tayıdır- atılanda göydən üzüqara qayıdıb yerə düşürdü…